Bu il Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib. DİN-dən SİA-ya verilən məlumata görə, əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Təntənəli mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev kursantları, onların valideynlərini salamlayıb, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb.

Qeyd olunub ki, Ulu öndərin qayğısı ilə inkişaf yoluna çıxan, ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı ilə ən müasir ali təhsil müəssisələrindən birinə çevrilən Polis Akademiyası indi böyük tərəqqi və təkmilləşmə dövrünü yaşayır. O, bu gün daxili işlər orqanları üçün yüksək səviyyəli ali hüquq təhsilli zabit kadrlar hazırlayır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar.

Diqqətə çatdırılıb ki, təhsil ocağı beynəlxalq əməkdaşlıq sahəsində də nailiyyətlər əldə edir. Bir çox nüfuzlu tədbirlərdə fəal iştirak edən müəllim-professor heyəti kifayət qədər təcrübə əldə edib və bunun nəticəsi olaraq, onlar ekspert qismində də müxtəlif ölkələrə dəvət olunurlar.

Nazim Əliyev əmin olduğunu bildirib ki, bu gün and içən hər bir gənc öz şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaq.

Sonra kursantlar Polis andını içdilər.

Kursant Nihad Rəhimov çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir və bu anlar çətin, məsuliyyətli, həm də çox şərəfli polis sıralarına ilk qədəmlərini qoymaq hüququ qazanan hər bir gənc üçün qürurvericidir.

Tədbirə yekun vuran polis general-mayoru N.Əliyev kursantlara dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinə qədər öyrənməyi tövsiyə edib.

Mərasim “Polis Akademiyasının marşı”nın sədaları altında təntənəli keçidilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə