Tarix İnstitutunda yeni əsərlərin təqdimatı olub

Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” kitabçalarının təqdimat mərasimi keçirilib.

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı kimi Azərbaycan və rus dillərində hazırlanmış bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb. Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində “Azərbaycan Tarixçiləri” İctimai Birliyi tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

“İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları” və “İrəvan xanlığının mahalları” adlı kitabçaların müəllifi tarixçi alim Güntəkin Nəcəfli, “İrəvan xanlığının əhalisi” adlı kitabçanın müəllifi isə tarixçi alim İradə Məmmədovadır.

Təqdimat mərasimində akademik Yaqub Mahmudov yeni nəşrlərin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib.

Çıxış edənlər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Təqdim olunan kitabçalar Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

loading...