Dövlət Mülki Aviasiya Administrasiyası məlumat yaydı

“Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsinə dair

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 44.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli, müvafiq olaraq 3 və 4 nömrəli Qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları” və “Azərbaycan Respublikasının uçuş Qaydaları” aktlarına, habelə Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya (Çikaqo Konvensiyası), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) 2011-ci il tarixli, 328 AN/190 nömrəli “Pilotsuz hava gəmilərinin idarə edilməsi sistemləri” sənədinə əsasən, Dövlət Mülki Aviasiya Administrasiyasının və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən “Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb. Sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir.

Qeyd olunan layihə 2015-ci ilin 08 sentyabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfimizdən təqdim edilmişdir.

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla bu layihə razılaşdırılma mərhələsindən keçmişdir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

Qeyd edilən Qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin göstərişi daxil olmuşdur (dərkənar № 17/17/3404-26/18/22; 09 dekabr 2016-cı il).

Bildiririk ki, sonrakı mərhələdə sözügedən Qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər tərəfimizdən edilib.

Bu layihə Azərbaycan Respublikasının dövlət qurumları və digər hüquqi, habelə fiziki şəxslər tərəfindən baxılması və mümkün rəy və təkliflərinin bildirilməsi üçün təqdim olunur (bu layihə Dövlət Mülki Aviasiya Administrasiyasının rəsmi saytının “Hüquqi aktların layihələri” bölməsində yerləşdirilib).

Bütün xəbərlər Facebook səhifəmizdə