Ağsaqqallar şurasının konfransı keçirilib

22 avqustda Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə konfrans iştirakçıları Daşkəsən şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar və dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər. Daşkəsən Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Respublika Ağsaqqallar Şurasının İşlər idarəsinin müdiri Yaqub Mehdiyev, konfransa rayon üzrə seçilmiş nümayəndələr – rayon ağsaqqalları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediriblər. Konfransı giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev gələn qonaqları, rayon ağsaqqallarını, konfrans iştirakçılarını salamladıqdan sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin onlara ən xoş arzularını çatdırıb. O, konfransın gündəliyi barədə açıqlama verib. Cavanşir Qocayev onu da bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti daşkəsənlilər ürəkdən dəstəkləyir, bunu əməli işləri ilə daim sübut edirlər. Cəmiyyətin bütün sahələrində həmişə ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyəsinə və sözünə ehtiyac yarandığını deyən Cavanşir Qocayev rayon ağsaqqallarının bütün sahələrdə hər zaman fəallıq göstərərək öz nüfuzlarından əhalinin mənafeyi naminə istifadə etdiklərini diqqətə çatdırıb. Çıxışının sonunda C.Qocayev Daşkəsən Rayon Ağsaqqallar Şurasının bundan sonra da xoşməramlı, məsul və şərəfli fəaliyyətində onlara yeni-yeni uğurlar arzulayıb. Respublika Ağsaqqallar Şurasının İşlər idarəsinin müdiri Yaqub Mehdiyev də çıxış edərək Respublika Ağsaqqallar Şurasının rəhbərliyi, şəxsən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun adından konfrans iştirakçılarını salamlayıb və konfransın yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib. Gündəliyə uyğun olaraq Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədr müavini Saleh Qurbanov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində Şuranın gördüyü işlər barədə ətraflı məlumat verib. Daha sonra hesabat məruzəsi ətrafında rayon ağsaqqallarından Nüsrət Vəliyev, müəllim ağbirçək Adilə Məmmədova, Qarabağ müharibəsi əlili Ənvər Əliyev, Firuddin Həsənov çıxış etdilər və Rayon Ağsaqqallar Şurasının ərazilərdəki qurumları tərəfindən hesabat dövründə bir sıra dəyərli təşəbbüslərin qaldırıldığını, verilən təkliflərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını və bir çox problemli məsələlərin həllinə nail olunduğunu vurğulayıblar. Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov çıxışında qeyd edib ki, ağsaqqala olan hörmət və ehtiram Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənədir. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu bildirib.Yüksək səviyyədə keçirilən konfransda konfrans iştirakçıları tərəfindən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin Rayon Ağsaqqallar şurasına fəxri üzv seçilməsi təklif olunub və həmin təklif alqışlarla qarşılanaraq qəbul edilib. Sonra yeni tərkibdə Rayon Ağsaqqallar Şurası, ağsaqqallar şurasının sədr və müavinləri, o cümlədən idarə heyətinin yeni tərkibi seçilib. Saleh Qurbanov Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri, Cavanşir Qocayev və Adilə Məmmədova sədr müavinləri seçiliblər. Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Saleh Qurbanov bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Müzakirə olunan məsələlərlə əlaqədar olaraq qərar qəbul edildikdən sonra konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə