Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Avqustun 22-də Azərbaycan Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçirilib. Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə Vətən torpaqları uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin “İşğal olunmuş ərazilərin tarixi, diyarşünaslıq muzeylərinin eksponatlarından ibarət müxtəlif sərgilərin təşkili edilməsi ilə bağlı” verdiyi müvafiq əmrə əsasən təşkil edilib. Tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.

Muzeyin direktoru deyib ki, qədim tarixə malik eksponatların sərgilənməsi ilə yanaşı, işğal olunmuş ərazilərimizdə dağıntılara məruz qalmış tarixi abidələrin təbliği mühüm əhəmiyyət kəsb edir.

Ş.Məlikova rəhbəri olduğu Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin bu istiqamətdə gördüyü işlərdən söz açaraq vurğulayıb ki, bu yöndə bir sıra layihələr həyata keçirilib.

Qeyd edilib ki, İCOM-un müvafiq layihələri çərçivəsində ölkəmizin işğal olunmuş ərazilərində yerləşən muzey eksponatlarının siyahısı hazırlanaraq elmi tədqiqatlar aparılıb, onların tarixi, mənşəyi və digər məlumat daşıyıcıları tədqiq edilib.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək rayon haqqında iştirakçılara məlumat verib.

Vurğulanıb ki, Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda, dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. 23 avqust tarixi hər bir cəbrayıllının həyatında ən kədərli gün kimi xatırlanır. Çünki rayon camaatı bu tarixdən etibarən öz doğma ata-baba yurdundan didərgin düşüb. Rayonun işğal edildiyi vaxtlar Bakıda hakimiyyət uğrunda gedən siyasi çəkişmələr, könüllü batalyonlar arasında hökm sürən gərginlik rayonun müdafiəsinə mənfi təsir göstərirdi. Nəticədə Cəbrayıl təkləndi və erməni quldurları 1993-cü il avqustun 23-də 1050 kvadratkilometr ərazisi olan rayonu işğal etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində 52 min 600 nəfər cəbrayıllı doğma yurd-yuvasından didərgin düşərək ölkənin 53 şəhər və rayonunda məskunlaşdı. Hesablamalara görə təkcə Cəbrayıl rayonun işğalından dövlətimizə dəyən zərər 7 milyard dollar civarındadır.

Bildirilib ki, doğma yurdun müdafiəsi zamanı 375 cəbrayıllı şəhid, 230 nəfər isə əlil olub.

K.Həsənov Prezident İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışaraq ölkəmizin gündən-günə artan iqtisadi və hərbi qüdrətinin tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına imkan verəcəyinə, bununla da daha bir tarixi ədalətsizliyə son qoyulacağına əminliyini ifadə edib.

Tədbirdə Milli Məclisin deputatı Astan Şahverdiyev bildirib ki, işğalçılara qarşı döyüşlərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Cəbrayıl rayonunun müdafiəçiləri də böyük şücaət göstəriblər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söz açan A.Şahverdiyev deyib ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət daha da inkişaf etdirilib. Bu gün Azərbaycanımızın dünyada layiqli yer tutması bizim hər birimizdə fərəh, qürur hissi doğurur. Fəxr edirik ki, ölkəmiz, xalqımız artıq dünya dövlətləri sırasında tanınır. İnanırıq ki, biz öz doğma ata-baba yurdumuza qayıdacağıq.

Müdafiə Nazirliyinin zabiti, mayor Ramil Səfərov da çıxışında boya-başa çatdığı rayon haqqında fikirlərini bölüşüb. Düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə işğaldan azad edilməsinə inamının ifadə edən R.Səfərov ölkəmizin dünya dövlətlər arasında söz sahibi olduğunu qeyd edib. Dünyada gedən qarışıq proseslərdən söz açan natiq deyib ki, Azərbaycan gəncliyi hər zaman bu proseslərə gözüaçıq yanaşmalıdır. İrqçilik, dini radikalizm çox vaxt ölkələri təxribata çəkir. Biz dövlətçiliyimizin möhkəmlənməsi üçün bütün qüvvəmizi səfərbər etməliyik.

Tədbir çərçivəsində qonaqlar Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi ilə də tanış olublar.

Mərasim ədəbi-bədii proqramla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə