Odessa azərbaycanlılarının ürəyi Vətən eşqi ilə döyünür

Ukraynada yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, millətimizi və xalqımızı necə təmsil etmələri ilə bağlı silsilə yazılarımızı davam etdiririk. Növbəti səfərimiz Ukraynanın Odessa vilayəti oldu. Odessa şəhəri paytaxt Bakı kimi dəniz sahilində yerləşir. Şəhəri gəzərkən gün ərzində minlərlə turistə rast gəlmək olur. Əlbəttə ki, onların arasında azərbaycanlılar da var. Bununla bərabər bu şəhərdə yaşayan azərbaycanlıların öz cəmiyyəti, birlikləri də vardır. Gəlişimizin məqsədini bilən kimi Odessa azərbaycanlılarının xeylisi bir yerə yığışıb ürək sözlərini bizimlə bölüşdülər. Söhbətimiz çay süfrəsi ətrafında keçdi.

İlk çıxışı BUAK-ın Odessa vilayəti üzrə sədrinin birinci müavini Namiq Talıbov etdi. Namiq müəllim yeni yaradılan təşkilatla bağlı öz fikirlərini ətraflı izah etdi:

- Bizim təşkilatımız Ukrayna ictimai təşkilatlar haqqında qanuna uyğun olaraq yaradılmış, nə siyasi, nə də ki, dini təşkilat deyildir. Bu sadəcə ictimai təşkilatdır. Biz təşkliatımızı yaradarkən dörd prinsiplər ətrafında birləşdik: Azərbaycançılıq, millət, dövlət və övlad. Təşkilat yenidən bərpa olunandan sonra biz bu prinsiplər ətrafında, daha da sıx birləşmişik. Əlbəttə ki, xalqımızın, dövlətimizin mənafeyi naminə siayəsətə də qarışacağıq. Xalqın mənafeyi naminə təşkilatımızda dini şöbə də yaratmışıq və onun rəhbəri də Hacı Malikdir. Əgər kimsə bizim övladlarımızdan dinlə bağlı bilgi, təhsil almaq istəyirsə buyurub məscidimizə gedə bilər. Bizdən əvvəl də bu təşkilatı yaradan insanlar olub, biz onlara da minnətdarlığımızı bildiririk. Bizim təşkilat, ümumiyyətlə, Odessada yaradılan təşkilat həmişə müstəqil olub. Heç kimdən asılı olmayıb. Yəni yuxarı təşkilatlar nə tapşırıq verirsə onu həll etməlisən prinsipi yoxdur. Burada azad fikir, azad sözə həmişə önəm verilib. Odur ki, Odessada Azərbaycan adına tək bir Konqres var. Digər bölgələrdə olduğu kimi bir neçə təşkilat yoxdur. Bizdə hər kəs fərqli düşünə və yaxud söz deyə bilər, əsas məsələ budur ki, sonda Xalq, Dövlət naminə bir olmağı bacarırıq. Bizim xidmətimizdə heç bir şəxsi maraq ola bilməz. Bu bir milli maraqdır, bizim övladlarımız burada böyüyür, təhsil alır. Çalışırıq ki, onlar Ukraynanın ictimai-siyasi həyatına inteqrasiya etsin. Ukrayna dilində ali təhsil alan, savadlı gənclərimiz yetişir, onların bir sıra Dövlət orqanlarında işə düzəlməsi milləti xalqımızı təmsil etməsi çox vacibdir. Azərbaycanın bütün regionlarından burada insanlar var, istəmişik ki, hər kəs öz fikrini açıq, sərbəst ifadə etsin. Buradakıların hər biri Azərbaycanın bir parçasıdır. Biz öz evimizdə ürəyimiz istədiyi kimi düşünə bilərik. Burada isə hamının yetkilliklə bir ideyası, fikri olmalıdır. Bu, Azərbaycançılıqdır, dövlətçilikdir və millətə xidmətdir. Məlumat üçün deyim ki, Ağsaqqallar şuramız da var, düzdür bütün Odessa vilayətini tam əhatə edə bilmirik. Çünki Odessa vilayətində otuz minə yaxın soydaşımız var. Hesab edirik ki, zamanla biz burada yaşayan hər bir azərbaycanlının fikrini öyrənə biləcəyik, onların hər birini konqresə üzv edə biləcəyik. Məlumat üçün deyim ki, bizim Gəclər şöbəmiz də var. Sevindirici haldır ki, gəncliyimz milli adət-ənənələrimizi, dövlətçiliyi, müasirliyi özündə birləşdirən, elmi texnologiyalara yiyələnmiş, milli dəyərlərimizi özündə yaşadan çox perspektivli gənclərimiz var. Bizim əsas prinsiplərimizdən biri də Ukrayna dövlətinin ərazi bütövlüyünü dəstəkləməyimizdir. Biz hər zaman ikinci vətənimizin ərazi bütövlüyünü dəstəkləyir və onu Azərbaycan qədər müdafiə edirik. Məlumat üçün bildirim ki, bizim konqresimizdə qadınlar şurası da var. Çalışırıq ki, Azərbaycan xanımları da biri-biri ilə görüşsünlər, milli adət-ənənələrimiz, milli mətbəximizin qorunub saxlanılması və ümumiyyətlə, konqresin tədbirlərində aktiv iştirak edə bilsinlər. Azərbaycan xanımı öz abır-həya, ismət nümayiş etdirən bir xanımdır.

Mən çıxışımın sonunda öz konqresimiz və fəaliyyətimiz haqqında fikrimi bir sözlə yekunlaşdırmaq istəyirəm. Böyük Atatürk deyirdi ki, "Təməlində ədalət olmayan bütün sistemlər dağılmağa məhkumdur". Hər hansı bir sistemin təməlində ədalət yoxdursa o onsuz da dağılacaq. Sözüm siz soydaşlarımızadır, əgər hər hansı bir səhv addım atırıqsa onu sizlər hökmən bizə deməlisiniz. Biz səhvimizi görməyə bilərik, siz onu bizə deməklə bizi düz yola gətirmiş olarsınız. Burada hər bir kəs öz şəxsi fikrini deməlidir, bu təşkilat bütün azərbaycanlıların təşkilatıdır.

Daha sonra tədbirdə BUAK Odessa vilayəti üzrə sədri NamiK Hacıyev çıxış edərək, konqresin fəaliyyətindən geniş danışdı. Namik müəllim Novruz, Qurban bayramı, Xocalı soyqırımı, Qarabağ həqiqətləri və s. tədbirlərin yüksək səviyyədə təşkil edilməsini də xüsusi vurğuladı.

Bundan sonra söz, konqres üzvlərinindən olan, alimlərə verildi. Rabitə Akademiyasının professoru idarə heyətinin üzvü Mətin Hacıyev, Ukrayna Milli Universitetinin professoru, Hüquq elmləri doktoru, Haaqa Hüquq Universitetinin üzvü Mehman Dəmirli çıxış edərək müəyyən problemlərdən danışdılar. Mehman müəllim Azərbaycan Respublikasının xarici siyasəti ilə bağlı bəzi maraqlı fikirlərini söylədi:

- Hesab edirəm ki, bir çox məsələlər vardır ki, burada Azərbaycan Dövlət qurumları məsələyə müdaxilə etməlidirlər. Bizim dövlətimizin xarici siyasəti vardır, necə olur ki, hər yerindən qalxan bir qurum yaradır və Azərbaycan adından danışır. Sonra da məlum olur ki, hansısa bir qüvvələrə xidmət edir. Bu çox ciddi bir məsələdir. Mənə elə gəlir ki, bütün bu təşkilatları birləşdirmək lazımdır. Sonra Azərbaycan məktəbləri ilə bağlı, hesab edirəm ki, burada da Dövlət öz maraqlarını ortaya qoymalı və lazım gələrsə vəsait də ayırmalıdır.

Mətin müəllim isə öz çıxışını tələbələr üzərində qurdu:

- Əvvəllər bizə Odessa vilayətinə daha çox tələbə gəlirdi, hal-hazırda isə onların sayı azalıb. Burada bir çox səbəblər var, ali təhsilin Ukrayna dilində keçirilməsi, bəzən tələbələrimizin tez-tez dərs buraxması və s. kimi problemlərimiz vardır. O ki, qaldı konqresimizə hesab edirəm ki, əsasən gənclərimizə lazımdır. Çünki burada doğulan gənclərimiz öz dilini, adət-ənənələrini unuda bilərlər. Bundan yana heç olmasa bazar günü məktəbləri olmalıdır. Biz işlədiyimiz akademiyada da çalışırıq ki, problemlərlə qarşılaşan azərbaycanlı tələbələrə kömək edirik. Qaldı digər insanlarımıza, çoxlu savadsız insanlarımız vardır ki, onların müəyyən sənəd problemləri olur ki, bunu da konqresin hüquqşünaslarının dəstəyi ilə həll edirik. Ən böyük problemimiz Ali Radada, şəhər sovetində, Vilayət sovetində deputatımız yoxdur. Hətta Vilayət sovetinə namizədliyini verən də yoxdur. Burada bir çox səbəb var, onlardan biri də birliyimizin olmamasıdır.

Daha sonra bir çox iş adamı, Rüstəm Əli, Kamran Əliyev, Məhəddin Cəfərov, Namiq Əliyev, Firon Pirverdiyev, Qadir Allahverdiyev (nəzarət təftiş komissiyasının üzvü), fermer Çingiz Çobanzadə (nəzarət təftiş komissiyasının üzvü), Cəlil Astanov (idarə heyətinin üzvü), Elxan Tağıyev (gənclər və idman şöbəsinin müdiri), Nəcəf Hacıyev (idarə heyətinin üzvü), Həmidov Rafəddin, Müsəllim Əliyev (ağsaqqallar şurasının sədri), Mehman Abbasov (idarə heyətinin üzvü), Ayaz Əliyev, Asif Mamedov (idarə heyətinin üzvü), Osmanov Vüqar, Kərim İlyasov, Aydın Allahverdiyev və başqaları da çıxış edərək konqresin fəaliyyətindən geniş danışdılar.

Tədbirdə Ukrayna Hüquq mühafizə orqanlarında işləyən həmyerlimiz Aydın Əliyev də iştirak edirdi. Aydın müəllim BUAK Odessa vilayəti üzrə nümayəndəliyində hüquq şöbəsinin müdiridir. Aydın Əliyev Ukrayna ədliyyə nazirliyinin Odessa vilayəti üzrə, Odessa şəhəri Kiyev rayonunda rütbəli zabitidir (Baş İcraçı). Qısa müddətdə çox böyük nüfuz qazanan A.Əliyev bir neçə xarici dil, o cümlədən kompyuter texnologiyalarını dərindən bilir. BUAK Odessa vilayətində hüquqi baxımından bütün məsələlər onun üzərinə düşür.

Daha sonra Anar Ağayev (ictimayyətlə əlaqələr şöbəsinin müdiri), Ekologiya Universitetinin müəlliminə söz verildi:

- Hesab edirəm ki, informasiya, mətbuata geniş yer verilməlidir. Azərbaycanla telekörpülər və s. etmək olardı. Öz qəzetimizi vəyaxud saytımızı işə salmalı və informasiya savaşında üzdəniraq qonşularımıza qalib gəlməliyik.

Sonda söz Azərbaycan Respublikasının Dəmir yolları qapalı səhimdar cəmiyyətinin rəsmi nümayəndəsi, uzun illər Azərbaycan hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə işləmiş, Dəmir Yol generalı, BUAK Odessa vilayəti nümayəndəliyinin Dövlət qurumları ilə iş şöbəsinin müdirinə verildi.

- Mən gəncliyimi Rusiyada yaşamışam, açığını deyim ki, Odessada olan birlik mənim çox ürəyimcədir. Əvvəlcə alimlərimizə minnətdarlıq edirəm, tədbirimizə qatılaraq öz tövsiyyələrini verdiyi üçün, onlara ayrıca təşəkkür edirəm. Qaldı diaspora fəaliyyətinə, çox xahiş edirəm ki, bəzi məsələləri qarışdırmayın. Burada insanlar hər hansı bir birlik, cəmiyyət altında birləşərək xalqına dövlətinə xidmət edir. Buraya dövləti qarışdırmayın. Əgər Azərbaycan dövləti dünyanın hər bir yerində yerləşən təşkilatlara, konqresə pul ayırsa o dövlətin büdcəsində pul da qalmaz. Burada yaşayanlardan çox güclü insanlar var, məsələn İlham Mamedov, bu insan BUAK Odessa vilayətində yenidən yaranmasında böyük xidməti olub, həm maddi həm də mənəvi dəstək olur. Biz hər şeyi Dövlətdən gözləməməliyik. Odessa Ukraynanın döyünən ürəyidir. Mən hüquq-mühafizə orqanlarında işləyən zaman Ümummilli liderimiz Heydər Əliyev tədbirlərin birində bizə dedi ki, bir neçə şəhərlə yanaşı Odessada da öz mövqeyinizi tutun. Görürsünüzmü hətta illər öncə Ulu öndərimiz də Odessaya xüsusi önəm verirdi. Bizim Qadınlar şuramız vardır ki, bu heç bir təşkilatda yoxdur. Biz həftədə bir dəfə, cümə günü məsciddə yığışırıq, dini söhbətlərə qulaq asırıq. İstəyimiz odur ki, Qafqaz müsəlmanları və digər yerlərdə yaşayan müsəlmanlarla birlik yaratmaq istəyirik. Ümumi gücümüz olarsa bu hər addımda bizə kömək deməkdir. Qaldı Odessada tikiləcək parka, narahat olmayın. Burada park tikiləcəkdir. Hazırda bir neçə qayğılarımız var, məsələn yaxın vaxtlarda Kiyev şəhərində Müslim Maqomayevin hündür bir heykəli qoyulacaqdır. Odur ki, ümumi işlər çoxdur, yəni növbəli olmalıdır.

İstəyirəm bir şeyi də xüsusi qeyd edim, bu millətin içki düşgünü olanı da, böyük iş adamı da bizimdir. Biz öz millətimizi çox sevirik, xalqımızı, dövlətimizi də layiqincə təmsil edirik.

Əlmaniz Ələkbərli,

SİA-nın Ukrayna və Şərqi Avropa bürosunun rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə