Polis Akademiyasında yubiley tədbiri

Bu yaxınlarda DİN-in Polis Akademiyasında uzun illər daxili işlər orqanlarında çalışmış ehtiyatda olan polis polkovniki Ağakərim Mirzəyevin 70 illik yubiley tədbiri keçirilib.

Öncə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev yubilyarı doğum günü münasibətilə təbrik edib, ona cansağlığı və uğurlar arzulayıb. Daha sonra ali təhsil ocağının fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib. Ardınca N.Əliyev veteranların daxili işlər orqanlarındakı rolundan, onların gənc nəslə verdiyi töhfələrdən, ictimai asayişin qorunmasında, təhlükəsizliyin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə göstərdikləri xidmətdən danışıb.

DİN-in Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Ramiz Axundov Ağakərim Mirzəyevin keçdiyi həyat yoluna nəzər salaraq, onun daxili işlər orqanlarındakı xidməti və davam etdirdiyi elmi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, A.Mizəyev xidmətdə olduğu 37 ildə Dövlət Yol Polis sistemində müxtəlif vəzifələrdə xidmət edib, Polis Akademiyasında kafedra rəisi kimi uğurlu fəaliyyət göstərib. Hələ 1984-cü ildə kriminologiya sahəsindən dissertasiya müdafiə edib, elmi ada sahib olub. Hazırda Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının dosentidir.

Ağakərim Mirzəyev qazandığı zəngin təcrübəni elmi nəzəriyyə ilə sintez edərək onu gənc nəslin nümayəndələrinə öyrədir. Əllidən artıq elmi əsərin müəllifi olan Ağakərim müəllim tələbələrin kriminologiya fənnindən dərsliyə ehtiyaclarını nəzərə alaraq bu il “Sxemlər albomu” adlı dərs vəsaitini çap etdirib.

Sonra təltif olunduğu Azərbaycan Respublikası Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı və digər hədiyyələr yubilyara təqdim olunub. A.Mirzəyev isə öz növbəsində ona göstərilən diqqət və qayğıya, həmçinin, keçirilən tədbirə görə DİN rəhbərliyinə, uzun illər çalışdığı Polis Akademiyasının kollektivinə və Veteranlar Şurasına öz dərin minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə