"Yeni Azərbaycan" qəzetinin redaksiyasında görüş keçirilib FOTOLAR

Bu gün "Yeni Azərbaycan" qəzetinin redaksiyasında Türkiyədə fəaliyyət göstərən "EkoAvrasya" (Avrasya Ekonomik İlişkilər Dərnəyi) təşkilatının nümayəndələri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "EkoAvrasya" təşkilatının İdarə Heyətinin sədri Hikmət Ərən, təşkilatın baş katibi Bəşir Var, təşkilatın İdarə Heyətinin üzvü Kamal Kurnaz, Dövlət İdarəçilik Akademiyasının müəllimi, Türkiyə və Yaxın Şərq Dövlət İdarəçiliyi İnstitutunun doktorantı Elmir Əliyev iştirak ediblər.

Görüşdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını, Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" fəlsəfəsinə söykəndiyini deyib. İki ölkə arasında mühüm əməkdaşlıqların həyata keçirildiyini xatırladan Milli Məclisin deputatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın arasındakı dost, qardaş münasibətlərin əlaqələrin genişlənməsinə xüsusi töhfə verdiyini bildirib. H.Babaoğlu bu gün qlobal dünyada baş verən kataklizmlərə diqqət çəkərək Azərbaycan ilə Türkiyənin hər zaman ümummilli məsələlərə eyni mövqedən yanaşmasının qardaşlığın bariz sübutuna çevrildiyini söyləyib. Ötən il Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin Azərbaycanda da narahatlıqla qarşılandığını deyən millət vəkili türk xalqının hər zaman öz dövlətinin, xalqının mənafeyini qoruduğunu vurğulayıb: "Azərbaycan ilə Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, mühüm məsələlərdə eyni mövqedən çıxış edirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iki dövlətin xarici siyasəti hər zaman eyni istiqamətə əsaslanır. Eyni zamanda, ölkəmizdə Türkiyə sevgisi hər zaman öz emosionallığını qoruyur".

Görüşdə çıxış edən "EkoAvrasya" təşkilatının İdarə Heyətinin sədri Hikmət Ərən, təşkilatın nümayəndələri Kamal Kurnaz, Bəşir Var da öz növbəsində təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, "EkoAvrasya" təşkilatı Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bütün gücünü səfərbər edib. Çıxış edən H.Ərən iki ölkə arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi üçün mütəmadi olaraq forumların keçirildiyini, nümayəndə heyətlərinin bölgələrdə iş adamları ilə görüşdüklərini deyib. Azərbaycan ilə Türkiyənin regionda həyata keçirdiyi qlobal miyqaslı layihələr vasitəsilə öz birliklərini bir daha sübuta yetirdiklərini söyləyən "EkoAvrasya" təşkilatının başkanı bu əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Sonda Milli Məclisin üzvü Hikmət Babaoğlu "EkoAvrasya" təşkilatının xüsusi plaketi ilə təltif olunub. Eyni zamanda, siyasi elmlər doktoru, professor H.Babaoğlunun müəllifi olduğu "Akdamardan Sarı Gəlinədək erməni yalanı" kitabı da təşkilatın nümayəndələrinə hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə