Aparılan islahatlar öz bəhrəsini verir

Yeni iqtisadi siyasət kursu ilə bağlı aparılan islahatlar öz bəhrəsini verir. Prezident İlham Əliyevin qərb bölgəsinə səfəri zamanı açılışını etdiyi obyektlər bunun əyani sübutudur. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

Depuatat bildirib ki, bu, islahatların nə qədər ətraflı, düşünülmüş, analtik iqtisadi təhlil və kompleks yanaşma əsasında aparıldığını göstərir: "Məsələn Göygöl Zona Baytarlıq Laboratoriyası və Respublika Süni Mayalanma Mərkəzini götürək. Məlumdur ki, istər heyvandarlıq istərsə də əkinçilik sahəsində qərb regionu böyük potensiala malikdir. Amma qəbul etməliyik ki, indiyə qədər bu potensialdan yetərincə istifadə olunmayıb. Bunun başlıca səbəblərindən biri də elmi-təcrübi yanaşmanın olmamasıdır. Belə ki, hansı torpaqda hansı bitki daha səmərəli olması, yaxud düzgün toxumun seçimi kimi məsələlər fərdi təssərrüfat sahiblərinin və fermerlərin nisbətən məhdud bilikləri və o qədər də geniş olmayan seçimləri əsasında aparılıb. Nəticədə məhsuldarlıq heç də potensialı əks etdirməyib. Bundan əlavə heyvandarlığın inkişafında da elmi-təcrüb yanaşma olmayıb. Amma sözü gedən Göygöl Zona Baytarlıq Laboratoriyası və Respublika Süni Mayalanma Mərkəzi bu sahədə böyük keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Torpaqlardan təyinatına uyğun daha səmərəli istifadə ediləcək".

Millət vəkili əlavə edib ki, Respublika Süni Mayalanma Mərkəzi mal-qaranın cins tərkibini yaxşılaşdırmaqla bu sahdə böyük keyfiyyət fərqi yaradacaq: "Bu isə heyvan mənşəli məhsulların istehsalında böyük artıma səbəb olacaq. Yəni, fermerlər eyni xərci çəkməklə istər ətlik, istərsə də südlük heyvanlardan daha çox gəlir əldə edəcəklər. Nəzərə alsaq ki, Azərbaycanın ət və südə olan tələbatı daxili istehsal hesabına ödənilir, deməli ixracı üçün də böyük imkanlar olacaq. Dövlət başçısının açılışını etdiyi obyektlər sırasında “Şəmkir Aqropark”nın Logistika Mərkəzi xüsusi qeyd edilməlidir. Bu mərkəzin iqtisadi olduğu qədər də böyük sosial əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, təxminən 180 nəfər burada işlə təmin olunub. Mərkəz tam gücü ilə fəaliyyət göstərəndə burada 274 nəfərin işləməsi nəzərdə tutulur. Mərkəzdə istixana kompleksi, şitilçiklik, tingçilik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, aqroservis və satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Yəni buradan istər daxili tələbat, istərsə də ixrac üçün tam hazır məhsul çıxacaq. Aqroparkın yaradılmasının ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında böyük rolu var".

Bütün xəbərlər Facebook səhifəmizdə