Azərbaycan Prezidenti Göygöl rayonuna səfər edib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, bu ərazi istər rayon sakinlərinin, istərsə də Göygölün qonaqlarının istirahət üçün üz tutduqları ən sevimli məkanlardan biridir.

Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanışlıq

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına parkda görülən işlər, yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.

Qeyd olundu ki, bu parkın yaradılması ilə rayon sakinlərinin sevə-sevə üz tutduqları istirahət məkanlarının sayı daha da artıb. Parkın yaradılması zamanı balacalar da diqqətdən kənarda qalmayıb. Burada uşaqların asudə vaxtının səmərəli təşkili üçün əyləncə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb.

Dövlətimizin başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Diqqətə çatdırıldı ki, ümumi sahəsi iki hektar olan parkda əsaslı şəkildə yenidənqurma işlərinə 2016-cı ildə başlanılıb. Burada fəvvarələr quraşdırılıb, istirahət guşələri yaradılıb. Parkda kafe də fəaliyyət göstərir.

Yeni parkların, istirahət məkanlarının yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması həm də turizm bölgəsi kimi böyük şöhrət qazanmış Göygölü daha da müasirləşdirir. Qələbə parkının yenidən qurulması rayonda bu istiqamətdə reallaşdırılan layihələrin bir hissəsidir.

4 saylı körpələr evi-uşaq bağçasının açılışı

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının əsaslı təmirinə 2015-ci ilin iyulunda başlanılıb. Əsaslı təmir işləri bu ilin iyulunda başa çatdırılıb. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.

Qeyd edildi ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının həyətində geniş abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

Azərbaycan dövləti gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi, əsl vətənpərvər və sağlam yetişməsi istiqamətində mühüm layihələr icra edir. Göygöldəki 4 saylı körpələr evi-uşaq bağçasında yaradılan şərait bu istiqamətdə görülən işləri əyani surətdə təsdiq edən nümunələrdən biridir.

“Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra avqustun 19-da istismara verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.

Diqqətə çatdırıldı ki, stansiyanın turbin zalı, üçmərtəbəli idarəetmə və inzibati binası da müasir səviyyədə qurulub. Stansiyada hər birinin gücü 1 MVt olan 3 hidroturbin və 3 hidrogenerator quraşdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyada 35/6/0,4 kV-luq yarımstansiyalar yaradılıb və elektrik verilişi xətləri çəkilib. Stansiyanın su hövzəsinin tutumu 153 min kubmetr, bəndinin hündürlüyü 10, uzunluğu 134, qaşının eni 5, dibinin eni isə 60 metrdir. Burada suburaxma qabiliyyəti saniyədə 65 kubmetr olan sutullayıcı, suburaxma qabiliyyəti saniyədə 10 kubmetr olan suqəbuledici quraşdırılıb. Stansiyanın derivasiya kanalının en kəsiyi 5 kvadratmetr, uzunluğu isə 3800 metrdir. Burada, həmçinin uzunluğu 500 metr, diametri 1600 millimetr olan boru quraşdırılıb.

Qeyd edildi ki, “Çiçəkli” Su Elektrik Stansiyası iqtisadi və sosial cəhətdən olduqca əhəmiyyətlidir. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elektroenergetika sahəsində mühüm uğurlar əldə edilib. “Azərenerji” ASC bu istiqamətdə işləri uğurla davam etdirir. Bu günədək 14 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 15 MVt olan dörd stansiya inşa olunur.

Dövlətimizin başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə saldı.

Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə tanışlıq

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsdi. Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verdi.

Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binası 2014-2016-cı illərin dövlət investisiya proqramları çərçivəsində inşa edilib. Üçmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdən çoxdur. Binanın foyesində Ulu Öndərin və dövlətimizin başçısının rayona səfərlərini əks etdirən fotostend quraşdırılıb. Burada Göygöl Rayon Kənd Təsərrüfatı İdarəsi, Bitki Mühafizə Mərkəzinin və Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayon bölmələri, Göygöl Baytarlıq İdarəsi, Regional Təlim Mərkəzi, Göygöl Regional Aqrokimya və Göygöl Regional Toxumçuluq laboratoriyaları yerləşir. Binada işçilərin fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb.

Göygöl Regional Aqrokimya Laboratoriyası tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması nəzərdə tutulur. Bundan başqa, laboratoriyanın fəaliyyəti nəticəsində torpağın xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatları ilə təmin edilməsinə, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarının müəyyənləşdirilməsinə, fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsinə və kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunmasına şərait yaranacaq.

Göygöl Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası isə müvafiq sahə standartlarının tələblərinə uyğun toxumun keyfiyyətinə nəzarətin və sertifikatlaşdırmanın həyata keçirilməsi məqsədilə toxumluq əkinlərin qeydiyyatının aparılması işini yerinə yetirəcək. Laboratoriya tərəfindən tarla nəzarəti həyata keçiriləcək, toxum partiyası və əkin materiallarından nümunə götürüləcək, səpin keyfiyyətinin və əkin materiallarının analizi aparılacaq. Bundan başqa, laboratoriyanın fəaliyyətinə müvafiq dövlət standartlarına uyğun keyfiyyətdə toxumların sertifikatlaşdırılması üçün rəy verilməsi, daxili və xarici əmtəəlik toxum bazarında toxum satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin səmərəli fəaliyyətinin təşkili də daxildir.

Dövlətimizin başçısı Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə də tanış oldu. Laboratoriyanın yenidən qurulması layihəsi 2017-ci ildə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində laboratoriyada yeni bölmələr yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Bakteriologiya bölməsində yoluxucu xəstəliklərin diaqnostik müayinəsi və heyvan mənşəli qida məhsullarında bakterioloji çirklənmələrin analizi aparılır. Serologiya laboratoriyasında isə virusoloji, bakterioloji, epidemioloji və sair xəstəliklərin seroloji müayinəsi həyata keçirilir. Bütün növ heyvan və quşlar arasında virus mənşəli xəstəliklərin laborator diaqnostikası və müayinəsi isə laboratoriyanın virusologiya bölməsində aparılır. Toksikologiya bölməsində qida məhsulları və yem əlavələrində biokimyəvi, həmçinin toksiki zəhərlənmələrin müayinəsi həyata keçirilir.

Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı
-Yenidən Göygöl rayonunda olmağımdan çox məmnunam. Bu, mənim Prezident kimi rayona dördüncü səfərimdir. Göygöl rayonunda işlər yaxşı gedir, sosial-iqtisadi inkişaf təmin olunur, rayonun inkişafına böyük diqqət göstərilir. Əvvəlki illərdə bir çox önəmli sosial, iqtisadi məsələlər öz həllini tapıbdır. İnfrastruktur layihələri uğurla icra edilir, sosial obyektlər tikilir. Bir neçə il bundan əvvəl 150 çarpayılıq rayon mərkəzi xəstəxanası, Olimpiya İdman Kompleksi, kənd yolları, sənaye obyektləri açılmışdır. Bir sözlə, rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Mənə verilən son məlumata görə, Göygöl rayonunda qazlaşdırma təxminən 70 faizə yaxındır, bu iş davam edir və davam etməlidir, daha çox kəndə qaz xətləri çəkilməlidir. Elektrik enerjisi ilə bağlı problemlər öz həllini tapır. Bu gün biz 3 meqavat gücündə yeni su elektrik stansiyasının açılışını qeyd etdik. Kənd yollarının tikintisi davam etdiriləcək. Artıq bir neçə layihə icra edilib, növbəti illərdə qalan kəndlərdə də yollar salınacaq, xüsusilə Göygöl gölünə gedən yol əsaslı təmir olunmalıdır. Bu məqsədlər üçün lazımi vəsait yaxın gələcəkdə ayrılacaqdır.

Rayonun sosial-iqtisadi inkişafı əslində onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu gün biz bütün rayonlarda inkişaf, tərəqqi görürük, insanların işlə təmin olunması məsələsi öz həllini tapır, işsizlik çox aşağı səviyyədədir. Son illərdə görülən tədbirlər nəticəsində işsizliklə bağlı daha da önəmli addımlar atılır və insanların məşğulluğu artır. Göygöldə iyirmidən çox yeni məktəb tikilib, iyirmidən artıq məktəb əsaslı təmir olunub. Yəni, hərtərəfli inkişaf təmin edilir və əlbəttə, biz gələcək illərdə növbəti addımlar atmalıyıq ki, inkişaf dayanıqlı olsun.

Bu gün biz Göygöl rayonunda respublika əhəmiyyətli iki obyektin açılışını qeyd edirik. Bu, kənd təsərrüfatı laboratoriyası və Süni Mayalanma Mərkəzidir. Bu laboratoriyanın və Süni Mayalanma Mərkəzinin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Mənə indi göstərilən avadanlıq, imkanlar deməyə əsas verir ki, biz yeni yanaşma ilə kənd təsərrüfatında məhsuldarlığın artımına nail olacağıq. Çünki qarşımızda duran əsas vəzifə mövcud torpaq fondundan istifadə edərək məhsuldarlığı artırmaqdan ibarətdir. Buradakı toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları bu məqsədə çatmaq üçün bizə imkan yaradacaq. Çünki fermerlər, iş adamları, kəndlilər artıq biləcəklər ki, hansı toxumdan istifadə etmək lazımdır, hansı aqrotexniki tədbirlər görülməlidir, hansı torpaq sahəsində hansı gübrələrdən istifadə olunmalıdır. Ərzaq təhlükəsizliyi məsələləri də bu laboratoriyalar vasitəsilə təmin ediləcəkdir. Belə laboratoriyalar 12 bölgədə yaradılır. Bu, əslində kənd təsərrüfatının inkişafında növbəti mərhələnin başlanğıcıdır, dönüş nöqtəsidir. Çünki bundan sonra Azərbaycanda kənd təsərrüfatı elmi əsaslarla inkişaf edəcək və beləliklə, biz məhsuldarlığın artımına nail olacağıq. Çünki Azərbaycanın ərazisi, əlbəttə, imkan vermir ki, biz böyük həcmdə yeni əkin sahələrini dövriyyəyə cəlb edək. Halbuki biz bunu edirik, xüsusilə meliorativ tədbirlər nəticəsində.

Son illər ərzində görülmüş işlər - Şəmkirçay, Taxtakörpü su anbarlarının, kanalların yaradılması və digər meliorativ tədbirlər nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi əkinə cəlb edilibdir. Yəni, bu il bizim məqsədimiz ondan ibarətdir ki, 100 min hektardan çox yeni əkin sahələrini su ilə təmin edək. Yeni suvarma sistemləri də tətbiq edilir, o cümlədən bu bölgədə. Bu işləri görəndən sonra biz kənd təsərrüfatını ancaq məhsuldarlığın artımı hesabına inkişaf etdirə bilərik. Bu laboratoriya bu imkanı bizə yaradır.

Eyni zamanda, Süni Mayalanma Mərkəzinin istifadəyə verilməsi də heyvandarlıqda ciddi artıma gətirib çıxaracaq. Çünki bu, ölkəmizdə yeganə mərkəzdir və ölkə əhəmiyyətli bir mərkəzdir. Mənim təşəbbüsümlə bir neçə il ərzində xaricdən cins inəklər gətirilir. Avropa ölkələrindən artıq minlərlə inək gətirilibdir. Bu proqram hesabına Azərbaycanda bir çox yeni heyvandarlıq mərkəzləri, fermalar yaradılıbdır. Bu proses davam etdirilir. Hazırda bir çox yeni heyvandarlıq kompleksləri yaradılır. Əlbəttə ki, biz növbəti illərdə də xaricdən cins mal-qara alacağıq. Eyni zamanda, yerli cinsi yaxşılaşdırmaq, xaricdən asılılığı azaltmaq üçün Süni Mayalanma Mərkəzinin yaradılması artıq öz həllini tapıbdır.

Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində bir neçə il ərzində Azərbaycanda mal-qaranın cinsi tədricən yaxşılaşacaq. Beləliklə, məhsuldarlıq yüksələcək, südçülük inkişaf etdiriləcək və ət istehsalı da artacaq. Hazırda biz həm ət, həm də süd ixrac edirik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki əvvəlki illərdə biz idxaldan çox asılı idik. İndi biz bu asılılığı aradan götürürük. Düzdür, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik, idxal da edirik, amma ixraca da başlamışıq. Bizim məhsulumuz çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir. Amma biz elə etməliyik ki, özümüzü süd məhsulları ilə tam təmin edək və ixrac potensialımızı da artıraq. Süni Mayalanma Mərkəzinin fəaliyyəti nəticəsində biz bir neçə il ərzində buna nail olacağıq. Çünki hazırda kənd təsərrüfatı bizim üçün prioritet sahədir. Son illər ərzində kənd təsərrüfatı sahəsində çox böyük işlər görülübdür. Həm bitkiçilikdə, həm heyvandarlıqda, ümumiyyətlə, kənd təsərrüfatında artım təmin edilir. Bu ilin altı ayında kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artmışdır. Bu, görülən işlər nəticəsində mümkün olub. Hazırda 40-a yaxın yeni aqropark yaradılır. Əlbəttə, biz bu aqroparkların fəaliyyəti nəticəsində istehsalı artıracağıq.

İndi bölgələrdə işsizliklə bağlı problem demək olar ki, aradan qaldırılır. Bizim üçün ənənəvi olan kənd təsərrüfatı sahələri bərpa edilir, dirçəldilir. Pambıqçılıq. Son iki il ərzində biz pambıqçılığı demək olar ki, 10 dəfəyə yaxın artırmışıq. İndi minlərlə, on minlərlə insan işləyir və əməkhaqqı alır. Biz tütünçülüyü də, ipəkçiliyi də bərpa edirik.

Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq.

Bir daha deyirəm ki, biz bu sahəni bundan sonra ancaq elmi biliklər əsasında inkişaf etdirməliyik. Dövlət öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir, bütün bölgələrdə belə gözəl laboratoriyalar, mərkəzlər yaradılır, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, texnika alınır. Bu il Azərbaycana on min texnika gətirilib və gətiriləcək. Fermerlər, sahibkarlar, kəndlilər bu imkanlardan istifadə etməlidirlər. Bu, ilk növbədə, onlar üçün lazımdır, çünki məhsuldarlıq iki dəfə arta bilər. Bu, həm də dövlət üçün lazımdır.

Ona görə bu gün xüsusi əhəmiyyətə malikdir. Bu gün Göygöl rayonunda respublika əhəmiyyətli iki müəssisənin açılışı çox əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

x x x

Göygöl Regional Aqrokimya Laboratoriyasının aparıcı mütəxəssisi Zümrüd SƏLİMOVA çıxış edərək dedi:

-Cənab Prezident, Sizi növbəti dəfə Göygöl rayonunda görmək biz gəncləri daha çox sevindirir. Son illər kənd təsərrüfatına dövlət dəstəyi nəticəsində bütün ölkəmizdə olduğu kimi, bizim rayonumuzda da bu sahə sürətlə inkişaf edir. Yeni regional aqrokimya laboratoriyalarının yaradılması, ən müasir avadanlıqlarla təchiz olunması, beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin keçirilməsi Sizin bu sahəyə diqqət və qayğınızın nəticəsidir.

Çox sevindirici haldır ki, belə müasir laboratoriyada işləmək mənə də qismət olub. Biz bu laboratoriyada torpaq və bitki analizləri apararaq, torpaqların fiziki, aqrokimyəvi, bioloji xassələrini öyrənərək fermerlərə gübrələrdən düzgün istifadə haqqında tövsiyələr verəcəyik. Eyni zamanda, bitkilərdə toksiki maddələri, pestisid qalıqlarını da təyin etmək imkanına nail olacağıq.

Cənab Prezident, bu yeni laboratoriyalar məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına xidmət edəcək, məhsul bolluğu yaranacaq ki, bu da xarici bazardan asılılığı azaldacaq. Biz də Sizin yüksək diqqət və qayğınızın əvəzində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik və çalışacağıq ki, əkinə yararsız torpaqları yararlı hala salmaq üçün öz töhfələrimizi verək. Gənclər üçün geniş imkanlar yaratdığınıza görə bütün gənclər adından Sizə təşəkkür edirəm. Çox sağ olun, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Çox sağ ol.

x x x

Göygöl Rayon Baytarlıq İdarəsinin baytar həkimi Bariz ASLANOV dedi:

-Hörmətli Prezident, Göygöl rayonuna xoş gəlmisiniz. Sizi Göygöl rayonunda görməyimizə çox şadıq. Mən 30 ildən çoxdur ki, kənd təsərrüfatı sahəsində çalışıram. Son illər respublikamızda kənd təsərrüfatı inanılmaz dərəcədə inkişaf edib. Bu inkişaf bütün kənd əhalisini torpağa bağladı. Bir vaxt gənclər iş yeri üçün başqa şəhərlərə gedirdilər. İndi onların hamısı rayonumuza, kəndlərə qayıdır, torpağa bağlanırlar, işləyirlər. Bu da kənd əhalisinin inkişafını, maddi vəziyyətini yaxşılaşdırır, respublikamızda bolluq yaradır. Müasir kənd təsərrüfatı texnikalarının respublikamıza gətirilməsi, gübrələrin alınması, subsidiyaların verilməsi, belə baytarlıq, aqrokimya, toxumluq laboratoriyaların tikilməsi, onların müasir avadanlıqla təmin olunması Sizin kənd təsərrüfatının inkişafına verdiyiniz töhfədir. Bu böyük inkişafa, yeni yaradılan iş yerlərinə, kənd təsərrüfatının inkişafına verdiyiniz dəstəyə görə Göygöl rayonunun bütün əhalisi adından, kənd təsərrüfatı işçiləri adından Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə, ailənizə cansağlığı versin. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Hansı sahədə işləyirsiniz?

Bariz ASLANOV: Baytarlıq sahəsində işləyirəm. Otuz ildən çoxdur ki, bu sahədə çalışıram.

Prezident İlham ƏLİYEV: Bu laboratoriyanı görmüsünüz. İndi bu imkanlardan istifadə etməlisiniz.

Bariz ASLANOV: Bəli, İnşallah, Sizin sayənizdə istifadə edəcəyik.

x x x

Sonra kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısına Dövlət Baytarlıq Xidməti tərəfindən rayon baytarlıq idarələrinə epizootik tədbirlərin aparılması, baytarlıq xidmətlərinin göstərilməsi üçün lazım olan avadanlıq, ləvazimatlar barədə məlumat verdi. Burada, eyni zamanda, xüsusi geyim vasitələri, cərrahi əməliyyat dəstləri, heyvanlarda müxtəlif xəstəliklərə dair bukletlər və əyani vəsaitlər sərgilənir. Müəssisənin anbarlarında isə vaksinlər saxlanılır. Onlar xüsusi rejimdə soyuducu konteynerlərə yığılır. Beləliklə, regionlara istənilən dərman maddələrinin və vaksinlərin təhlükəsiz daşınması mümkün olur.

Sonda xatirə şəkli çəkdirildi.

Süni Mayalanma Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin layihələndirilməsinə və tikintisinə dövlətimizin başçısı İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib. Ötən dövrdə Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 regional süni mayalanma məntəqəsi də yaradılıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Respublika Süni Mayalanma Mərkəzi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, mərkəzin kompleksinə üçmərtəbəli inzibati-laboratoriya binası, tövlə, yem anbarı və yemhazırlama sahəsi, baytarlıq klinikası, karantin məntəqəsi daxildir.

Dövlətimizin başçısına kənd təsərrüfatı informasiya sistemi vasitəsilə interaktiv statistika barədə məlumat verildi. Bildirildi ki, indiyədək 115 min 488 fermer qeydiyyata alınıb. Həmçinin bu günədək 41 min 42 baş heyvan süni mayalandırılıb. Süni mayalandırmadan 19 min 385 buzov doğulub. İndiyədək 3 milyon 179 min 400 manat məbləğində subsidiya verilib.

Binanın birinci mərtəbəsində nümayiş zalı yaradılıb.

Prezident İlham Əliyevə nümayiş zalında tərəfdaşlarla əməkdaşlığı, istehsal olunan genetik materialların marketinqinin təşkili, mərkəzdə görülən işlər barədə məlumat verildi. Hazırda mərkəzdə 36 baş törədici heyvan var. Onlardan beşi qaramal, biri isə camış cinsidir. Mərkəzin iş prinsipinə uyğun olaraq, genetik materiallar istehsal olunan sahə ilə inzibati hissə bir-biri ilə təcrid edilib. Nümayiş zalı elə qurulub ki, pəncərədən laboratoriya və istehsal sahəsində gedən prosesləri izləmək mümkündür. Nümayiş zalında Mərkəzdə saxlanılan törədici heyvanlar barədə kataloq məlumatları da var.

Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir. Laboratoriyada Fransanın bu sahədə aparıcı şirkətinin istehsal etdiyi ən müasir avadanlıq quraşdırılıb. Bundan başqa, bu avadanlıqla işləmək üçün laboratoriya heyətinə təlimlər də keçirilib. Burada temperatur və havada azotun miqdarının təyini avtomatik idarə olunur. Laboratoriya bölməsinin bir hissəsində genetik materialın satış mərkəzi yerləşir. Kompleksdə azot çəni və azot təchizatı şəbəkəsi qurulub. Regionlardakı süni mayalanma məntəqələrinə azot xüsusi avtomobillərlə daşınır. Binanın ikinci mərtəbəsində isə təlim mərkəzi və təlimdə iştirak edənlər üçün yataqxana, mətbəx, camaşırxana və 60 nəfərlik toplantı zalı yerləşir. Binada mərkəzləşdirilmiş kompüter və videobaxış sistemləri quraşdırılıb. Bu sistem istənilən zaman Bakıdan, eləcə də digər bölgələrdən Respublika Süni Mayalanma Mərkəzində aparılan işləri müşahidə etməyə imkan yaradır.

Dövlətimizin başçısı mobil laboratoriya və genetik materialların paylanması üçün istifadə edilən avtonəqliyyat vasitələrinə də baxdı. Burada, eyni zamanda, maye azotun daşınması üçün nəzərdə tutulan xüsusi təyinatlı avtomobillər də var.

Prezident İlham Əliyev müəssisəsinin istehsalat sahəsində də oldu. Kompleksin tövlə binası, o cümlədən tövlənin havalandırma və işıqlandırma sistemləri ən müasir standartlara uyğun olaraq qurulub. Tövlənin daxilindəki temperatur və nəmlik, heyvanların yemlənməsi, peyinin təmizlənməsi prosesləri tam surətdə avtomatik idarə olunur. Biotəhlükəsizlik tələblərinə uyğun olaraq tövlə daxilinə yemləmə və təmizləmə üçün traktorlar və digər mexanizmlər buraxılmır. Kompleksdə saxlanılan heyvanların hərəkəti üçün diametri 14 metr olan avtomatlaşdırılmış qurğu quraşdırılıb. Burada baytarlıq klinikası da inşa olunub.

Kompleksin yem anbarı və yemhazırlama sahəsində Almaniya istehsalı olan paylayıcı qurğu quraşdırılıb. Xüsusi proqramla təchiz edilən bu qurğu yem rasionuna görə hər bir heyvanın önünə müvafiq miqdarda yem tökmək imkanına malikdir. Burada müxtəlif növ yemlər hazırlanaraq qarışdırıcıya, oradan isə yempaylayıcı qurğuya verilir.

Mərkəzdə toxum götürülən heyvanların saxlanıldığı tövlədən normalara uyğun müvafiq məsafədə yeni alınmış heyvanlar üçün ümumi sahəsi 340,8 kvadratmetr olan karantin məntəqəsi inşa edilib.

Qeyd edək ki, Göygöldə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə