"Azərsu"nun ünvanına: "Su kartla verilirsə, borcum necə yarana bilər?" ŞİKAYƏT

Ölkəmiz durmadan inkişaf edir. Bəli, biz hamımız gündəlik həyatımızda bunu görür və böyük qürur hissi keçiririk. Bütün bu inkişaf tendensiyası nəinki respublikamızda, hətta ondan çox-çox uzaqlarda da danılmaz həqiqət kimi əks-səda verməkdədir. Bir çox dövlətlər bu inkişafa qısqanclıqla yanaşır, bəziləri isə bu inkişafı görməzlikdən gəlirlər.

Bütün bu qarışıq təəssüratlar fonunda ölkəmizin imicinə kölgə salmaq istəyən qüvvələr, kiçik qüsuru az qala dünya çapına, beynəlxalq müstəvilərə daşımaq üçün münbit şəraitin formalaşmasını gözləyirlər. Belə bir vəziyyətdə bizim ayıq-sayıq olmağımız ən ümdə məsələlərdən biridir. Bütün dövlət strukturları, o cümlədən xalqla bilavasitə təmasda olan dövlət müəssisə və təşkilatları (məs. Azərişıq, Azərsu, Azərqaz və.s) ikiqat ayıq-sayıq olmalıdırlar. Çünki, hər hansı bir dövlət idarəsində nahaq yerə incidilmiş və ya bürokratik əngəllərə tuş gəlmiş vətəndaş artıq ölkəmizdə haqq-ədalətin, demokratiyanın varlığı məsələsinə şübhə ilə yanaşır. Belə hal isə necə deyərlər düsmən dəyirmanına su tökmək deməkdir. Ölkəmizin gələcək inkişaf perespektivlərindən biri və ən ümdəsi də xalqın rifahının yüksəldilməsidir. Təsadüfi deyil ki, ölkə başçısı xalqın rifahının yüksəldilməsi istiqamətində neçə-neçə fərman və sərəncamlar imzalamışdır.

Bütün bu deyilənlərlə yanaşı təbii ki, nöqsanlarımız da vardır. Ancaq nöqsanın böyüyü və kiçiyi olur. Bəzən böyük nöqsanlar bağışlanması mümkün olmayan günahlar və nəhayət cinayətlər törədir. İstehlakçı ilə birbaşa əlaqədə olan müəssisə və təşkilatlar bu məsələlərə xüsusi diqqət etməlidirlər.

Haqqında söhbət açacağımız idarənin əməkdaşlarının hansı kateqoriyaya (kiçik və ya böyük nöqsan olduğuna) aid olduğunu isə hörmətli oxucuların ixtiyarına buraxırıq. Suraxanı rayon Yeni Günəşli qəsəbəsində yerləşən su idarəsində abonentin başıma gəlmiş hadisə barədə redaksiyamıza məktub daxil olub. Yeni Günəşli qəsəbə sakini İlham Teymur oğlu Dünyamalıyevin şikayəti "Azərsu"nun Suraxanı rayon şöbəsi tərəfindən süni şəkildə yaradılan borc məsələsi ilə bağlıdır. Məktubda yazılır:

- Bir gün evə gələndə suyun qurtardığını fərq edib kartı yükləmək üçün terminala getdim. Karta müəyyən məbləğ yüklədim və evə gəlib kartı aparata yüklədim, ancaq su yenə gəlmədi. Su idarəsinə zəng etdim. Növbəti gün mütəxəssis gəlib su aparatına baxdıqdan sonra bizim 221 azn borcumuzun olduğunu dedi, mən etiraz etdikdə isə belə məsələlərin idarədə həll edildiyini bildirdi. Mən idarəyə gedib orada idarə rəisini isə tapa bilmədim, əvəzində özünü Sirxan kimi tanıdan şöbə rəisinin qəbulunda oldum. Ona dedim ki, mənim necə borcum ola bilər ki, bizdə kart sistemidir, nə qədər pul yükləyirsən onun dəyərində su işlədirsən, məbləğ qurtaran kimi su avtomatik dayandırılır. Bizə məxsus olan kartı ödəmə terminalına daxil edib həmin o əməkdaşa göstərdim ki, orada yazılıb ki, zizin borcunuz yoxdur. İndi verilən cavaba baxın. Su idarəsinin əməkdaşı: "Bilirsiz, bu su sayğacları iki hissədən ibarətdir. (Başladı su sayğaclarının texniki göstəriciləri haqqında geniş izahat verməyə) birincisi elektron hissə və ikinci mexaniki hissə. Sayğacın üstündə olan batareya zəiflədiyinə görə elektron hissə işləməyib ona görə mexaniki hissə sizi uzun müddət, artıq su ilə təchiz edib və ona görə bu borc yaranıb. Yəni siz limitdən artıq su işlətmisiz.

Siz verilən cavaba baxın! Yaxşı, deyirəm bunun mənimlə nə əlaqəsi var. Yuxarıda dediyim kimi kartda limit qurtaranda mən yenidən karta limit (pul) yükləyib suyu işlədirəm. Nə isə, mənim etirazlarım məntiqi izahlarım heç bir nəticə vermədi. Yekunda su idarəsinin mütəxəssisi dedi ki, mənim sizə bir yaxşılığım olar, məbləğin yarıdan çoxunu (120 azn) indi ödəyin, qalanını da bir həftə ərzində. Mən deyəndə ki, axı siz düz iş görmürsüz, sizi məhkəməyə verə bilərəm. Dedim ki, mənim işim sizin qoyduğunuz sayğacın akumlyatoruna nəzarət etmək deyil, bunu sizin təmir xidmətiniz etməlidir. Cavab çox bəsit oldu: Hara şikayət edirsiniz edin, ancaq bu məbləği ödəməlisiz. Əks halda sizə su verilişi dayandırılacaq. Yəni su verilməyəcək. Yayın bu qızmar istisində susuz qalmağın nə olduğunu hamımız bilirik. Mənim məhkəməyə müraciət etməyim, bu işə aydınlıq gətirilənə qədər yəqin ki, bir ay çəkər. Razılaşaq ki, bu müddətə qədər də qızmar yay ayında susuz qalmağın nə qədər dözülməz olduğunu deməyə ehtiyac yoxdur. Mən məcbur olub, deyilən məbləği ödədim. Mən elə bilirdim ki, bu hadisə tək mənim başıma gəlib. Sən demə başqaları da, necə deyərlər, mənim günümdə imişlər. Mən bir neçə abonentin eyni məsələ üzrə müraciət etdiyini eşitdikdə bu işin planlı şəkildə qurulduğuna heç bir şübhəm qalmadı. Bu maxinasiyanın başında kimin durduğunu isə yəqin ki, müvafiq dövlət qurumları ayırd etməlidir.

İndi cox maraqlıdır, görəsən "Azərsu"nun rəhbərliyi və bu bölgələrə nəzarət edən vəzifəli şəxsləri bu neqativ halları görmürlərmi? Öz şəxsi maraqları naminə vətəndaşları müxtəlif bəhanələrlə soyan bu insanlara nə ad vermək olar? Bəlkə onlar, ölkə Prezidenti cənab İlham Əliyevin “məmurlar xalqın qulluğunda durmalıdır” kəlamını unudublar? Bu kəlamı unudanlar yəqin ki, öz vəzifələrini də unudublar. Belə olan halda yəqin onlar öz vəzifələri ilə də vidalaşmalı olacaqlar.

Yazını çapa hazırlayarkən qapı döyüldü və məlum oldu ki, gələnlər su idarəsinin əməkdaşlarıdır. Onlar bildirdilər ki, suyu kəsmək üçün gəliblər. Dedilər məbləgin qalan hissəsini də ödəməlisiniz (bu 18.08.2017-ci ildə saat 17-10 radələrində olub) əks halda su verilişi dayandırılacaqdır. Mən də səhərisi gün ödəmə edəcəyimi söylədim və onlar çıxıb getdilər. Deyəsən su idarəsi indi öz işini unudub, reketliklə məşgul olur!

Mövzuya qayıdacağıq.

kenan_doc@rambler.ru

Bütün xəbərlər Facebook səhifəmizdə