"Bakı konfransında hər şey möhtəşəm idi"

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının sonuncu günü 2014-2017-ci illərdə milli skaut hərəkatının 100 illik yubileyini qeyd etmiş ölkələr arasında Haiti də olub. Bu münasibətlə diplom almış Haiti Beynəlxalq Skautlar Assosiasiyasının üzvü, skaut Stiv Polis təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

“İlk dəfədir Bakıdayam. Özümü çox rahat hiss edirəm. Burada bizə münasibət çox yaxşıdır. Azərbaycanlılar çox mehriban, qonaqpərvər insanlardır. Buna görə də Dünya Skaut Konfransının Bakıda keçirilməsindən çox şadam,” – deyə Stiv Polis bildirib.

Bakı konfransının mükəmməl səviyyədə təşkil edildiyini vurğulayan haitili skaut bildirib ki, Dünya Skaut Hərəkatını daha da genişləndirmək və bu hərəkata daha çox gənc cəlb etmək lazımdır. Bakı konfransında bu istiqamətdə ətraflı müzakirələr aparıldı. Konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənirdi. Dünyada ilk dəfədir ki, bu qədər skaut bir araya gəlmişdi.

Stiv Polis deyib: “Bu gün konfransın sonuncu günüdür və heyf ki, biz Bakıdan ayrılacağıq. Bakı, burdaki dostlarımız üçün darıxacağıq. Bu bir həftə ərzində hər şey möhtəşəm keçdi. Ölkəmizə yüksək təəssüratlarla qayıdacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə