Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər avtomobil yolu istifadəyə verilib

Yaşayış məntəqələrində müasir yol infrastrukturunun yaradılması bu gün muxtar respublikada qarşıda duran əsas vəzifələrdəndir. Rayon mərkəzləri ilə dağ kəndlərini, eləcə də paytaxt Naxçıvan şəhəri ilə ətraf kəndləri birləşdirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, avqustun 18-də Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhəri ilə birləşdirən avtomobil yolu əsaslı yenidənqurma işlərində sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsi ilə birləşdirən avtomobil yolunun uzunluğu 13,3 kilometrdir. Yolda yenidənqurma işləri aparılıb, yol yatağı genişləndirilib, asfalt örtük salınıb. Tikinti işləri həyata keçirilərkən 114 su keçidi qoyulub, yolun yaşayış məntəqələrindən keçən hissəsində 2 min 160 metr məsafədə beton kanal çəkilib. Həmçinin 1400 metr kənddaxili yollar da yenidən qurulub.

Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya şəbəkəsi qurulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır. Müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir”.

Bu gün muxtar respublikada həyata keçirilən sosial islahatların əsasında insanların rahat yaşayışı dayanır. Bütün yaşayış məntəqələrində müasir infrastruktur yaradılır. Son illər şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi ölkəmizdə insan amilinə verilən dəyərin daha bir ifadəsi kimi sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Bu sahədə görülən işlərin davamı olaraq avqustun 18-də Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi “Su təchizatı və kanalizasiya investisiya Proqramı layihə-2” üzrə qənaət olunmuş vəsait hesabına həyata keçirilib. Tikinti işlərinə 2016-cı ilin yanvar ayında başlanıb. Layihəyə əsasən hər iki kənddə ümumilikdə 37,3 kilometr uzunluğunda müxtəlif diametrli borularla içməli su xətti çəkilib, 1103 evə su verilərək sayğac quraşdırılıb, 4 mindən artıq sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Su şəbəkəsinin üzərində 7 yanğın hidrantı və 3 suboşaldıcı qoyulub. Şıxmahmud və Xəlilli kəndlərində müxtəlif diametrli borularla 34,5 kilometr uzunluğunda kanalizasiya xətləri də çəkilib və bütün mənzillər şəbəkəyə qoşulub.

Hər iki kəndin əkin sahələrinin suvarma su təminatı sahəsində də tədbirlər görülüb. Belə ki, Uzunoba su anbarından sugətirən 1800 metr uzunluğundakı kanal yenidən qurulub və betonla üzlənib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək deyib: Bu gün Şıxmahmud və Xəlilli kəndlərinin həyatında əlamətdar gündür. Çünki su həyat, yol abadlıq və rahatlıq, kanalizasiya sistemləri isə təmizlik və sağlamlıq deməkdir. Bütün bunlara Şıxmahmud və Xəlilli kəndlərində nail olunub. Naxçıvan şəhərində içməli su təchizatı və kanalizasiya layihəsi üzrə işlər keyfiyyətlə başa çatdırıldı. Həmin layihədən qənaət olunmuş vəsait hesabına Şıxmahmud və Xəlilli kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi quruldu. Aparılan abadlıq-quruculuq işlərindən sonra hər iki kənd şəhərtipli qəsəbəyə çevrilmişdir.

Ali Məclisin Sədri deyib: Yaşayış məntəqələrinin abadlaşması, müasir yolların çəkilməsi, su-kanalizasiya sistemlərinin qurulması və insanların rahat yaşayışının təmin olunması ölkəmizdə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Bütün bunlar o ölkələrdə həyata keçirilir ki, orada dövlət-xalq siyasəti, sabitlik və inkişaf olsun. Azərbaycanda dövlət-xalq siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, dahi şəxsiyyətin ölkəmizə hər iki rəhbərliyi dövründə bu siyasət öz bəhrəsini vermişdir. Bu gün ölkə Prezidentinin Ulu Öndərin yoluna sədaqətinin nəticəsidir ki, dövlət proqramları qəbul edilərək icra olunur, yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılır, insanların rahat və firavan yaşayışı təmin olunur. Rahat yaşayış olan yerlərdə isə insanlar qayğılardan azad olur, öz vaxtlarını təsərrüfatlarının inkişafına sərf edirlər.

Ali Məclisin Sədri deyib: Yaşayış məntəqələrində quruculuq işlərinin aparılması, insanların rifahının təmin olunması bir məqsədə - Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə və inkişafına xidmət edir. Azərbaycanın ən qiymətli sərvəti onun insanlarıdır. İnsanlara qayğı isə bu gün dövlətimizin əsas vəzifəsidir. Yaşayış məntəqələrində insanların firavan yaşayışının təmin olunması, gənclərin hərtərəfli təhsil alması və peşə öyrənməsi üçün yaradılan şərait, yeni məktəb binalarının, peşə məktəblərinin istifadəyə verilməsi ölkəmizin gələcəyinə hesablanmış tədbirlərdir.

Ali Məclisin Sədri bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə olunacağına, tikilənlərin, qurulanların qorunub saxlanacağına əminliyini bildirib, bu işlərdə əməyi olanlara təşəkkür edib, sakinlərə firavan həyat arzulayıb.

Şıxmahmud kənd sakini Zahid Tağıyev minnətdarlıq edərək deyib: Şıxmahmud və Xəlilli kəndlərində son illər xeyli abadlıq-quruculuq işləri aparılıb, yeni sosial obyektlər tikilərək istifadəyə verilib. Övladlarımızın yaxşı təhsil alması, sakinlərinin sağlamlıqlarının qorunması sahəsində görülən işlər, idarəetmə orqanlarının müasir binalarda yerləşdirilməsi, xidmət sahələrinin istifadəyə verilməsi, elektrik, rabitə və qaz xətlərinin yenilənməsi, məşğulluğun və rahat yaşayış təmin olunması kəndləri müasir görkəmə qovuşdurub, məskunlaşma artıb. Bu işlərin davamı olaraq Şıxmahmud-Xəlilli-Naxçıvan şəhər avtomobil yolunun, içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi isə sakinlərin daha böyük sevincinə səbəb olub. Hər iki kənddə sakinlərin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. İnsanlar əkinçiliklə məşğul olur, bol məhsul istehsal edirlər. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə Uzunoba su anbarından sugətirən kanalın yenidən qurulması sudan səmərəli istifadəyə və əkin sahələrinin daha da genişləndirilməsinə imkan verəcəkdir. Bütün bunlar bizi daha yaxşı işləməyə sövq edir. Yaradılan şəraitdən səmərəli istifadə edərək təsərrüfatlarımızı genişləndirəcək, ölkə iqtisadiyyatının inkişafına öz töhfəmizi verəcəyik.

Ali Məclisin Sədri Şıxmahmud və Xəlilli kəndlərinin içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə saldı.

Bütün xəbərlər Facebook səhifəmizdə