Prezident 5,78 milyon manat ayırdı SƏRƏNCAM

Binə, Mərdəkan, Şağan və Şüvəlanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə mühüm infrastruktur layihələrinin reallaşdırıldığı, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyətinin daha da yaxşılaşdığı, abadlıq işlərinin geniş vüsət aldığı bildirilir. Qeyd edilir ki, bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan qəsəbələrinin perspektiv su təchizatı layihəsinə uyğun olaraq 54000 nəfər əhalinin fasiləsiz su təminatına imkan verəcək diametri 800 mm, uzunluğu 3,0 km olan magistral su kəmərinin, Mərdəkan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 15,0 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-400 mm, uzunluğu 1,9 km olan kanalizasiya şəbəkəsinin, Şağan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 9 km olan paylayıcı su şəbəkəsinin, Şüvəlan qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 10,6 km olan paylayıcı su şəbəkəsinin, Binə qəsəbəsində diametrləri 110-225 mm, uzunluğu 2,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb.

Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanında nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə