Qurban Abbasov: “Hər bir azərbaycanlı özünü və xalqını təmsil etməyi bacarmalıdır” MÜSAHİBƏ

Xaricdə yaşayan həmyerlilərimizin doğma Vətənlə əlaqə saxlamaları, xalqımızın adət-ənənələrini təbliğ etmələri, Azərbaycan həqiqətlərini olduqları ölkələrdə yaymaqları üçün diaspor hərakatına qoşulmaları artıq geniş vüsət alıb. Baxmayaraq ki, qonşularımız bu işi neçə onilliklərdir görür, Azərbaycan diasporu qısa zaman kəsiyində fəaliyyətini genişləndirib.

Diaspor fəaliyyəti ilə məşğul olan həmvətənlilərimizlə tanış olmaq məqsədilə jurnalist araşdırması aparmaq üçün bir neçə dövlətlərin paytaxt şəhərlərində olmuşam. Bu günədək, bir neçə dəfə Kiyev, daha sonra isə Kişinyov şəhərində yaşayan həmyerlilərimizlə görüşüb söhbətləşmişəm. Kiyevdə görüşdüyümüz insanların çoxu, diasporumuz deyərkən yalnız BUAK-nin sədri Rövşən Tağıyev, onun gördüyü işlər, şəxsi nüfuzu və savadı haqqında danışırlar. Amma fəaliyyət istiqaməti fərqli olan “diaspor” təşkilatlarına da rast gəlinir, halbuki onları heç kim ciddi qəbul etmir.

Aldığımız məlumata görə, müxtəlif adlar altında bir çox təşkilat yaradan bəzi həmvətənimiz Azərbaycan adından istifadə edərək deputatlar, qubernatorlar, səfirlər və bir çox dövlət məmurları ilə görüşərək şəkil çəkdirib sosial şəbəkələrdə, mətbuatda yaymaqla öz işlərini bitmiş hesab edirlər. Əsl həqiqətdə isə onlar həmin rütbəli şəxslərlə ona görə tanış olurlar ki, öz bizneslərini, müxtəlif təsirlərdən qoruyaraq daha da genişləndirə bilsinlər.

Bütün bunlarla yanaşı Birləşmiş Ukrayna Azərbaycanlıları konqresinin istər paytaxt Kiyev, istər də, regionlarda olan nümayəndələri Azərbaycan naminə, millətimizin başını uca tutan işlərin sayını artırır, Azərbaycan və Qarabağ həqiqətlərini yaşadıqları dövlətdə düzgün çatdırılmasına nail olurlar. Belə region təşkilatlardan biri də BUAK-nin Xarkov vilayət nümayəndəliyinin rəhbəri, hər yerdə vətənpərvər kimi tanınan, əsl azərbaycanlı Qurban İbrahim oğlu Abbasovdur.

- Xarkov azərbaycanlıları doğma Azərbaycanımızı, millətimizi bu şəhərdə necə təmsil edirlər?

- Mən otuz ilə yaxındır ki, Xarkov şəhərində yaşayıram. Bütün dövrlərdə çalışmışam ki, siyasi vəziyyətdən asılı olmayaraq, millətimin nümayəndələrinə dayaq durum, onların əzilməsinə imkan verməyim, əksinə onlarin yerli millətin içərisində oxuyub təhsil almasına, Dövlət qurumlarında işləməsinə nail olum. Bütün bu sadaladıqlarıma görə burada yaşayan azərbaycanlılar məni diasporamıza rəhbər seçiblər. Biz əvvəllər bir neçə dəfə yğışmışıq, müəyyən təşkilatlar altında fəaliyyət göstərmişik. Sonradan Ukrayna azərbaycanlıları konqresi yarandı və mən də onun Xarkov şəhəri üzrə nümayəndəsi oldum. Bir müddət ümumrespublika təşkilatı öz fəaliyyətini demək olar ki, dayandırdı. Lakin BUAK-a Rövşən Tağıyev kimi Ukrayna və digər ölkələrdə, xüsusi çəkisi olan bir şəxsin rəhbər seçilməsi hər şeyi dəyişdi. Bu gün Ukraynada Azərbayca diasporası öz fəaliyyətini yeni təməllər və prinsiplər üzərində qurur. O, diasporumuza xüsusi bir idarəçilik metodu gətirdi. Bilirsiniz, mən bu gün Xarkovda yaşayan digər millətlərə, yerli hakimiyyət nümayəndələrinə Azərbaycan həqiqətlərini çatdırıra bilirəmsə, Rövşən müəllim isə Ukrayna televiziyaları, Ali Rada və digər tribunalar vasitəsilə bunu bütün dünyaya çatdıra bilir. Odur ki, bütün Ukrayna vilayətlərində yaşayan azərbaycanlılar onun ətrafında sıx birləşiblər. Biz çalışırıq ki, burada yaşayan soydaşlarımız, onların övladları dilimizi, dinimizi, adət-ənənələrimizi qoruyub saxlasınlar. Bundan ötrü bir çox bayramları milli ruhda təşkil edirik. Novruz bayramı ərəfəsində milli geyimdə rəqs qrupları və Azərbaycan mətbəxi ilə yerli xalqları da yaxından tanış edirik. Mən millətini sevən birisiyəm, fərqi yoxdur, yaşından cinsindən asılı olmayaraq, burada yaşayan hər bir azərbaycanlı istənilən vaxtı mənə zəng edib yardım istəyirsə əlimdən gələni əsirgəmirəm. Çalışırıq ki, burada yaşayan hər bir azərbaycanlı millətini, dövlətini təmsil etdiyini dərk etsin. Millətimizin başını aşağı edəcək bir iş görməsinlər. Xocalı soyqırımı ərəfəsində yürüş keçirərək minlərlə azərbaycanlı meydana axışırlar. Konqres üzvlərindən xeyli fəallarımız da var ki, onların adlarını çəkmək istərdim. BUAK-nin Xarkov şəhər təşkilatının sədri Mürşüd İsmayılov, idarə heyətinin üzvləri Qəhrəman Yusifov və Şahin İsmayılov, mənim müavinlərim Ayət Əliyev və Adil Nəbiyev bizim bütün tədbirlərimizin təşkilində yaxından iştirak edirlər.

- Xarkovda Azərbaycan adını tanıdan, millətimizlə bağlı daha nələri göstərmək olar?

- Əvvəla qeyd edim ki, burada ukraynalılar bilir ki, bizim gözəl Azərbaycan məktəbimiz var. Bir neçə küçə adları Bakı, Nəriman Nərimanov və s. vardır. Bir neçə hektar yer almışıq, xalqımızın qəhrəman oğlu Sovet ittifaqı qəhrəmanı Fariz Əliyevin adını daşıyacaq park salınacaqdır. Düzdür, hələlik maddi vəsaitimiz yoxdur, ancaq güman edirəm ki, biz bu layihənin həyata keçirilməsinə də, nail olacağıq. Əslində Diasporla iş üzrə Dövlət Komitəsinə bir neçə dəfə müraciət də etmişik. Cavab da aldıq ki, bu məsələdə bizə maddi dəstək də olacaq. Mən eskiz layihəni tam hazırlatmışam, kimə tapşırarlarsa o da gəlib tikə bilər. Təki bu park abadlaşsın və burada azərbaycanlıların yığışa biləcəyi bir mədəniyyət mərkəzi salınsın. Biz bütün gücümüzlə çalışırıq ki, millətimizi, dövlətimizi burada layiqincə təmsil edək. Hesab edirəm ki, buna nail də oluruq. Bütün fəaliyyətimizi yalnız Azərbaycanın, xalqımızın daha da yaxşı tanınması üzərinə qururuq.

Digər müsahibim BUAK-nin Xarkov viayəti üzrə müavini Ayət Əliyev oldu. Ayət müəllim Akademiya bitirərək mühəndis ixtisasına yiyələnmiş bir həmyerlimizdir. O, xüsusən də cavanlarla, gənclərimizlə işin təşkilinə daha çox önəm verdiyini söylədi:

- Gənclər bizim gələcəyimizdir, nə qədər savadlı gəncimiz bol olacaq, işlərimiz, fəaliyyətimiz bir o qədər də yaxşı olacaq. Bizi daha çox savadlı bir millət kimi tanıyacaqlar. Odur ki, onların aldığı təhsilin keyfiyyətindən tutmuş, özlərini necə aparmaq vərdişlərinə kimi diqqət yetirməmiz lazımdır.

Xarkov şəhərində bir neçə həmyerlimizin iş yerlərində də olduq. Demək olar ki, hər birinin otağında Azərbaycan atributlarına, milli adət-ənənələri özündə əks etdirən aksesuarlara rast gəldik.

Ümumiyyətlə, Xarkov vilayətində və şəhərində yaşayan azərbaycanlılarla söhbət edərkən diqqətimi ən çox çəkən, onların Vətən kəlməsini, sevinclə və məsuliyyətlə çəkmələri oldu. Onlarla söhbət edərkən hər birinin ürəyinin Azərbaycanla döyündüyünün şahidi olduq.

Əlmaniz Ələkbərli

Şərqi Avropa ölkələri və Ukrayna bürosu.

Bütün xəbərlər Facebook səhifəmizdə