“Könüllülər Yurdu-Azərbaycan”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılıği ilə Respublikanın 24 şəhər və rayonunu əhatə edəcək “Könüllülər Yurdu - Azərbaycan” layihəsi davam edir. Təşkilatdan SİA-ya verilən xəbərə görə, avqustun 10-da start götürmüş layihə çərçivəsində növbəti tədbir 16-17 Avqustda Sabirabad şəhərində reallaşıb.

16 Avqust 2017 tarixində Heydər Əliyev Mədəniyyət Mərkəzində olan tədbirdə çıxış edən Sabirabad şəhər Gənclər İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad şəhər İcra Hakimiyyətinin başçısının Şahnaz Babayeva və Sabirabad “ASAN Xidmət” mərkəzinin direktoru Elvin Cəfərov gənclərin maariflənməsi və inkişafında xüsusi rolu olan könüllülük prinsiplərindən danışıblar.

Layihə çərçivəsində keçirilən təlimlərdə “ASAN Könüllüləri” Təşkilatının əməkdaşları Həsənxan Həsənxanlı və Elxan Şükürov Sabirabad, Şirvan, İmişli, Saatlı və Salyandan olan 150-ə yaxın gəncə könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər və bununla bərabər özünüinkişaf haqqında çıxış ediblər.

Daha sonra- 17 Avqustda gənc iştirakçılar “Kitab Mübadiləsi” aksiyasını keçirmiş, ilk dəfə olaraq könüllülük prinsipləri əsasında cəmiyyətdə kitab və mütaliə dəyərlərini aşılmağa və bununla gələcək topluma fayda verməyə çalışmışlar. Sonda iştirakçılar ilk könüllü fəaliyyətlərinə görə sertifikatla təltif edilmişlər

Qeyd edək ki, “Könüllülər Yurdu - Azərbaycan” layihəsi çərçivəsində könüllülər tərəfindən “Yol Hərəkəti Qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”,“Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyaların keçirilməsi nəzərdə tutulub

Tədbirlərdə 1000 nəfərdən artıq gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 min nəfərdən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması nəzərdə tutulur.

Onu da qeyd edək ki, “Könüllülər Yurdu Azərbaycan” ilk dəfə 2015-cı ildə keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə