“ Sahil” metrosunda hansı yeniliklər olacaq? ÖZƏL

“Sahil” metro stansiyası 1967-ci ildə istifadəyə verilən ilk 5 stansiyadan biridir. Orada fəaliyyət göstərən 3 ədəd eskalator var ki, artıq onların fəaliyyət müddəti başa çatıb. “Sahil” metro stansiyasının bağlanmasında əsas məqsəd məhz həmin eskalatorları yenisi ilə əvəz etməkdir”. Bunu SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

“Sahil” stansiyasının dərin özüllü stansiya olduğunu deyən qurum sözçüsü bildirib ki, stansiya eyni zamanda ən uzun eskalatorlu stansiyalardan biridir: “Eskalatorların 3ü -də dəyişildiyindən stansiyanın fəaliyyətinin dayandırılması mütləqdir. Çünki 3 eskalatorun yerinə 4 ədəd müasir eskalator quraşdırılacaq”.

N. Paşayev qeyd edib ki, “Sahil” stansiyasında eyni zamanda dərin təmin işləri də aparılacaq: “Belə ki, əsaslı təmir zamanı bütün kommunikasiya xətləri yenilənəcək, stansiyada mərmər üzlüklər, eskalatorların tavan hissəsi dəyişdiriləcək. Bundan başqa stansiyada istifadə müddəti ötən bütün avadanlıqlar yenilənəcək. Bir sözlə desək, “Sahil” stansiyası sonra daha müasir standartlara cavab verən avadanlıqlarla tam şəkildə təchiz olunacaq. Məhz buna görə də təmir müddəti uzun çəkəcək”.

Şöbə rəisi bir daha xatırladıb ki, “Sahil” metro stansiyası avqust ayının 20-də səhər saat 6:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün bağlı olacaq və bağlılıq müddəti təxminən 10 ay dövrü əhatə edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə