Zəhərlənmələrdən necə qorunaq?

Hər kəsə məlumdur ki, zəhərlənmə halları daha çox yay aylarında baş verir. Çünki yay aylarında hər kəs müxtəlif içkilərdən, dondurmalardan, yayın ən sevimli meyvəsi olan qarpızdan və digər məhsullardan çox istifadə edir. Təbii ki, burada havanın isti olması səbəbindən açıq havada satılan məhsulların da müəyyən yeri olduğunu unutmamalıyıq. Belə olan halda, biz özümüzü zəhərlənmə hallarından necə qorumalıyıq?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən qastroenteroloq Ülvi İbrahimov bildirib ki, yeni çıxan meyvələri yemək məsləhət görülmür: “Hər bir meyvənin yetişmə zamanı var və həmin meyvəni vaxtından əvvələ qəbul etmək zəhərlənməyə səbəb ola bilər. Misal üçün qarpızın yayın ilk ayı olan iyun ayında yeyilməsi düzgün deyil. Çünki, o zaman qarpızın tərkibində kimyəvi maddələr çox olur və belə olan halda, ondan daha tez zəhərlənmək mümkündür”.

Qastroenteroloq qeyd edib ki, yay aylarında insanlar meyvə və tərəvəzləri, eləcə də müxtəlif içki və meyvə şirələrini soyuducudan çıxaran kimi qəbul etməyi çox sevir: “Lakin bu cür hal yolverilməzdir. Bunun özü zəhərlənməyə yol açan amildir. Yayda xüsusilə də yeməkləri qatmaq məsləhət görülmür. Misal üçün yemək yedikdən sonra üzərindən soyuq su və ya meyvə şirəsini qəbul etmək olmaz. Çünki, bu cür vəziyyətdə həzm dayanır və nəticə etibarı ilə iltihablaşmaya səbəb olur”.

Ü. İbrahimov eyni məhsulun bir neçə nəfər tərəfindən qəbul edilməsi lakin nəticə etibarı ilə bir nəfərin zəhərlənməsi məsələsinə də aydınlıq gətirib: “Bəzən elə hal olur ki, bir qidadan bir neçə nəfər istifadə edir, amma bir və ya iki nəfər zəhərlənir. Bu hal insanın öz immun sistemi ilə bağlıdır. İmmun sisteminin yüksək olması qidada olan hər hansı problemin orqanizmə təsirini azalda bilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə