Daha bir bələdiyyə sədri qanunu pozdu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tullantıların qalaqlanmasına və yandırılmasına görə bələdiyyə sədrini cərimələnib. Nazirliyin mətbuat xidmətindəndən SİA-ya verilən xəbərə görə, Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı qurumun “Qaynar xətt”inə şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.
Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Saray bələdiyyəsinin sədri Natiq Tahirov barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırlması üçün cavabdeh şəxsə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə