Azərpaşa Nemətov təltif edildi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərpaşa Zəfər oğlu Nemətov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015-ci ildən) və direktoru (2016-cı ildən) Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib. 1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983-1990) işləyib.

1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır (1985). Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.

31 avqust 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilmişdir.

23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür.

6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilmişdir.

2017-ci ildə "Almaz" tamaşasına görə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə