Polis iki rayonda yolları nəzarətə götürdü REYD

Siyəzən və Xaçmazda 15 sürücünün avtomobili dayanacağa aparılıb, 35-i isə inzibati qaydada cəzalandırılıb

Avqustun 11-də Siyəzəndə keçirilən reyd zamanı 15 sürücünün avtomobili mühafizə olunan dayanacağa aparılıb. Siyəzən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Əliağa Əsgərbəyli bildirib ki, həmin avtomobillər yol verdiyi inzibati xətaya görə barəsində çıxarılmış qərar üzrə cəriməni 2 ay müddətində ödəməyən sürücülərə məxsusdur. Avtomobillər mühafizə olunan duracaqdan cərimə ödənildikdən sonra buraxılacaq.

Reyd zamanı, ümumilikdə, yüzə yaxın avtomobil yoxlanılıb, cəriməni ödəməyən sürücülərə xəbərdarlıq edilib.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşları isə Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində reyd təşkil ediblər. Bu yol ölkəmizin əsas turizm zonalarından sayılan Nabran istiqamətində yerləşdiyindən yay aylarında hərəkətin intensivliyi xeyli artır.

Yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən reyd çərçivəsində 60-a yaxın avtomobil saxlanılıb. Qayda pozan 35 sürücü barəsində inzibati cəza tədbirləri görülüb.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının II tağım komandiri Arzu Nurəliyev AZƏRTAC-a bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Bununla əlaqədar yollarda hərəkətin intensivliyi artdığından sürücülər uzaq yola çıxarkən daha diqqətli olmalı, avtomobillərinin texniki sazlığını yoxlamalı, yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə