“N” saylı hərbi hissədə maarifləndirmə tədbiri

Bu gün Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini polkovnik-leytenant Əli Qasımov ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb, tolerant ənənələrin milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini qeyd edib. Əli Qasımov, eyni zamanda, “Fitnə” sənədli filminin demək olar ki, bütün hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov dövlət-din münasibətlərinin milli təhlükəsizlik və milli maraqlar baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsindən, hüquqi aktlara edilmiş zəruri əlavə və dəyişikliklərdən danışıb, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə, qabaqlayıcı və profilaktik xarakterli tədbirlər barədə ətraflı məlumat verib. Komitə sədrinin müavini, eyni zamanda, Azərbaycan xalqının əsrlərboyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, bu sahədəki mövcud potensialın inkişaf etdirilməsi, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəmnində formalaşdırılması istiqamətində görülən tədbirlərə diqqət çəkib. Səyavuş Heydərov çıxışında, eləcə də radikalizmin formalaşması, yayılması metodları, əhatə dairəsi barədə məlumat verib, ona qarşı mübarizə çərçivəsində tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliğatının genişləndirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin ən effektiv vasitə olduğunu xüsusi qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə