Dövr və zaman dəyişsə də, insanın düşüncəsi, arzu və istəyi dəyişməz olaraq qalır. Sözdə dünya malına aludə olmadığını, vəzifəyə göz dikmədiyini deyən insan, əməli fəaliyyətində bu istəkləri reallaşdırmağa can atır. Bunun üçün, hətta ağılasığmaz vasitə və üsullardan belə istifadə etməkdən çəkinmir. Bir qədər əvvəl sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, Çeçenistanda mənzil istismar sahəsinin əməkdaşı falçı yanına gedib, pul-para verib, xahiş-minnət edib ki, elə dua yazsın, rəml atsın ki, Ramzan Kadırov rəhmə-imana gəlib onu Çeçenistanın mədəniyyət naziri təyin eləsin. Bu biçarənin iştahası böyük olsa da, arzusuna təbii yanaşılır. Axı, o da nəhayətdə insandır.

Məsələ burasındadır ki, biçarənin planından Çeçenistanın xüsusi xidmət orqanları məlumat əldə ediblər. Sonra nə baş verdiyini yəqin ki, çoxlarınıza məlumdur. Bununla bağlı yayılan videogörüntüləri və R.Kadırovun həmin mədəniyyət naziri olmaq arzusunda olan biçarəni qarşısına qoyub uşaq kimi necə danladığını görmüsünüz. Bir qədər əvvəl də, türk dünyasının ünlü sənətcisi İbrahim Tatlıses İstanbuldan basa-basa Azərbaycana - falçının yanına gəlmişdi. Nədi-nədi, həmin falçı vəziyyəti "urusca" olan İboya yardımçı olacaq. Sonra bilmirəm nə oldu, nə baş verdisə, İbo seansını yarımçıq qoyub gəldiyi yerə qayıtdı. Bu baxımdan, acı da olsa, "fəxr" edə bilərik ki, bizdə də əcnəbiləri özlərinə cəlb etməyi bacaran falçılar var. Hərdən düşünürəm ki, yaxşı olardı ki, bu sənət inkişaf etdirilsin. Bununla, müəyyən qədər turist sayını da artırmaq olar. Ümumiyyətlə, fakt budur ki, maddi sıxıntı keçirən, nakam məhəbbətlə üzləşən, işdən qovulan, vəzifəyə irəli cəkilməyən, başı ağrıyan, əri ilə yola getməyən bir para insan falçı yanına üz tutur, ekstrasenslə görüşür, dərdini parapsixoloqla bölüşür və ya öncəgörənlə dərdləşir.

Mətbuatda yayılanlara istinad etsək, belə çıxır ki, Azərbaycanda bərkgedən şou əhlinin böyük əksəriyyətinin yüksəlişi falçıların göstərdikləri xidmətdən keçib. Deyilənə və yazılanlara görə, Aygün Kazımova, Röya, Rəqsanə, Ədalət Şükürov, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva kimi müğənnilər geniş tamaşaçı auditoriyası əldə etmək, sponsorların diqqət mərkəzinə çevrilmək üçün müxtəlif falçıların yanında olub, onların imkanlarından bəhrələniblər. O gün redaksiyamıza zəng edən bir nəfər hər vəchlə bizi inandırmağa çalışırdı ki, Natəvan Həbibinin gözlənilmədən ailə həyatı qurmasında cadugərlərin xüsusi rolu olub. Onun deməyinə görə, Natəvanın yaşı və başı getdiyi halda, özünə partnyor tapması təsadüfi sayıla bilməz. Yəni falçılara külli miqdarda pul-para xərcləməklə özünə kişi tapıb.

Bu istiqamətdə araşdırmalar zaman maraqlı məqamlar da üzə cıxdı. Məlum oldu ki, bəzi falçılar bir qədər mədəniləşiblər. Yəni elə falçılar var ki, internet vasitəsilə onlayn xidmət göstərirlər. “Skayp”la müştərinin falına baxıb, onun narahatlığını aradan qaldırır, ödəniş isə bank vasitəsilə həyata keçirilir. Həmin mədəniləşmiş falcılardan olan Şəhla adlı xanım sübut etməyə çalışır ki, onda olan bioenerji vasitəsilə dünyanın istənilən nöqtəsində, istənilən şəxsə təsir etmək gücünə malikdir. Falçı iddia edir ki, ona bu enerji kosmosdan gəlir. Enerjisi hesabına ağıl, güc, qorxu duası yazır. Bu falcıya başa salan lazımdır ki, əgər sən dünyanın istənilən nöqtəsində istənilən şəxsə təsir etmək gücünə maliksənsə, niyə Serj Sarkisyanı dəli eləyib, Ağrı dağına göndərmirsən? Seyran Ohanyanın beyninə təsir etməklə onun əlinə silah verib, Koçaryanı, Edavard

Nalbayanı, Karen Karapetyanı və digər uşaq qatillərini cəhənnəmə vasil etmirsən?

Deyirəm ki, əgər kosmos əsri hesab etdiyimiz iyirmi birinci əsr də kiminsə dediyi və avam insanlarında öz maraqları xatirinə təkrarladıqaları “fala inanma, amma faldan da qalma” məsəlinə əsaslanıb falçı, öncə görən yanına gedirlərsə, gör əvvəlki, əsrlərdə nə həngamələr olub. Ötən əsrin əvvəllərin də Əbürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov bu cür neqativ biabırcılıqlara qarşı mübarizə aparıblar, əsərlərində insanların avam, təhsilsiz olamalrından istifadə edən dələduz molların onların keçisini, qoynunu, toyuq-cücəsini, pulunu əllərindən almalarını ürək ağrısı ilə qeyd ediblər. Hər kəs 1909-cu ildə Cəlil Məmmədquluzadənin qələmə aldığı "Ölülər" əsərində mollaların hansı fırıldaq işlərlə məşğul olduqlarını oxuyub, səhnələşdirilmiş trakomediyaya baxıb, cəkilmiş filmi seyr edib. Kefli İsgəndər Şeyx Nəsrullahın əlləm-qəlləm əməllərlə məşğul olduğunu nə qədər desə də, avam və biçarə insanlar onu başa düşmək istəmirlər. Tragikomediyanın sonunun necə yekunlaşdğı məlum olsada, baş verənləri artıq unutmaq mümkün deyil. Bu baxımdan, demək olar ki, nə qədər avam insanlar var, şeyx nəsrullahlar da olacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə