Prezidentin saytı KİV əməkdaşlarının müraciətini yayıb

Milli Mətbuatımızın 142-ci ildönümü münasibətilə keçirilən tədbirlər sırasında jurnalistlərin yadında hələ uzun illər qalacaq bir hadisə də oldu. Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin də açılışında iştirak etdiyi mətbuat nümayəndələrinə mənzillərin verilməsi məhz analoqu olmayan hadisə kimi qiymətləndirilə bilər. Dövlətimizin başçısı həmin gün neçə-neçə evin, ocağın cırağını yandırdı. Jurnalistlər də bu diqqət və qayğıya görə, Azərbaycan Prezidentinə minnətdarlıq etdilər. Budur, Prezidentin rəsmi saytında dərc olunmuş həmin müraciət və minnətdarlıq məktublarının bir qismini SİA-nın dəyərli oxucularına təqdim edirik:

Aslan Aslanovdan

Zati-aliləri,

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş mətbuata dövlət qayğısının Sizin müdrik rəhbərliyinizlə uğurla davam etdirilməsi nəticəsində KİV-in inkişafı, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Mətbuat işçiləri üçün iki yaşayış binasının tikilməsi və üçüncü binanın təməlinin qoyulması ölkəmizdə bu sahəyə ən yüksək diqqət və qayğının parlaq nümunəsi olmaqla yanaşı, media işçilərini daha şövqlə işləməyə ruhlandırır. Bu, Sizin dünyada analoqu olmayan çox nəcib təşəbbüslərinizdən biridir.

Möhtərəm cənab Prezident,

Sizin mətbuat, söz və fikir azadlığının inkişafına ali diqqət və qayğınızdan hərtərəfli şəkildə bəhrələnən AZƏRTAC qarşısına qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışır, müdrik siyasətiniz nəticəsində qazanılan uğurlar barədə xəbərləri dünya miqyasında geniş yaymaqdan qürur duyur. Siz kollektivimizin fəaliyyətini daim layiqincə qiymətləndirir, agentliyimizin əməkdaşlarını yüksək fəxri adlar, orden və medallarla təltif edirsiniz. Jurnalistlər üçün inşa edilən ikinci binadan AZƏRTAC-ın bir qrup əməkdaşına mənzillərin verilməsi bu diqqət və qayğının növbəti təzahürüdür.

Əziz Prezidentimiz, ölkə mediasının 255 nümayəndəsinə, o cümlədən AZƏRTAC-ın əməkdaşlarına yaşatdığınız bu sevincə görə agentliyimizin kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, dövlətimizin və xalqımızın firavanlığı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Allah Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

AZƏRTAC-ın kollektivi adından

Aslan Aslanov

Baş direktor

Azərbaycan Respublikası, Bakı şəhəri.

Bəhruz Quliyev

Möhtərəm cənab Prezident,

“Səs” qəzetinin kollektivi olaraq, ilk növbədə, Sizi növbəti dəfə “Jurnalistlərin dostu” adına layiq görülməyiniz münasibətilə təbrik edirik. Belə ki, ölkəmizin bütün media təmsilçiləri Sizi özlərinə dost biliblər və bu dostluğun təməli hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ulu öndər daim mətbuata ata qayğısı göstərərək, KİV-lərin inkişafı üçün mühüm qərarlar və tapşırıqlar verib. Bu gün isə həmin ənənə Sizin rəhbərliyiniz, diqqət və qayğınız nəticəsində tərənnüm olunmaqdadır.

Zati-aliləri,

Jurnalistlərə fəxri adların verilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması, ən əsası isə jurnalistlərin mənzil-məişət problemlərinin aradan qaldırılması istiqamətində dünyada analoqu olmayan sərəncamların imzalanması bu gün ölkəmizdə mətbuatın dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir. Ənənə şəklini almış bu cür ardıcıl töhfələr, media nümayəndələrinə verilən mənzillər, atılan hər bir addım bizlərin – jurnalistlərin böyük sevincinə səbəb olur.

Möhtərəm Prezident,

Ulu öndər Heydər Əliyevin ən sevimli qəzeti olaraq tarixə düşmüş “Səs”çilər də Sizin qayğınızdan fərəh və qürur hissi keçirir, fəaliyyətinizdə uğurlar və yeni-yeni zəfərlər arzulayır, sonsuz minnətdarlığımızı bildiririk.

Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Quliyev Bəhruz

“Səs” qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.

Hikmət Yaqubov

Möhtərəm cənab Prezident,

Dövlətimiz tərəfindən evlə təmin olunmağım həyatımın ən böyük fəxarət və qürur anıdır. Prezidentimin məni jurnalistlər üçün tikilən binadan mənzillə təmin etməsi ailəmin və valideynlərimin sonsuz sevincinə səbəb olub.

Prezidentimizin atdığı bu nəcib və humanist addımların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də layiqincə davam etdirilir.

Zati-aliləri, Allahdan Sizə və ailənizə cansağlığı arzulayıram. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Vətənimizin çiçəklənməsi yolundakı yorulmaz fəaliyyətində uğurlar diləyirəm. Fürsətdən istifadə edib, Sizi “Jurnalistlərin dostu” mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirəm.

Hörmətlə,

Yaqubov Hikmət Əlisgəndər oğlu

AzTV-nin bədii rəhbəri, Əməkdar Mədəniyyət İşçisi

Azərbaycan Respublikası, Bakı şəhəri.

“Trend” Beynəlxalq İnformasiya Agentliyi, “Day.az”, “Milli.az” xəbər portalları və “Azernews” qəzetinin kollektivləri adından
Möhtərəm cənab Prezident!

Sizin zəngin və şərəfli tarixə malik Azərbaycan mətbuatının tərəqqisi istiqamətində ardıcıl gördüyünüz işlər, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək, media işçilərinə qayğı və diqqətiniz dünya miqyasında bənzəri olmayan bir təcrübə, örnəkdir. Xüsusilə, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tərəfinizdən imzalanan Sərəncam əsasında jurnalistlər üçün 255 mənzilli ikinci binanın inşa edilməsi nəinki media işçiləri tərəfindən, çoxmilyonlu xalqımız tərəfindən yüksək qarşılanmışdır. Bizlərə göstərdiyiniz bu qayğı və etimadı doğrultmaq üçün bundan sonra da Sizin rəhbərliyiniz altında Azərbaycan dövlətçiliyinin inkişafı, Vətənimizin rifahı, haqq sözümüzün dünyaya çatdırılması istiqamətində gördüyümüz işi daim var gücümüzlə davam etdirəcəyik.

Cənab Prezident, Sizə dərin hörmət və təşəkkürümüzü bildirir, doğma Azərbaycanımızın gələcək inkişafı naminə gördüyünüz misilsiz işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

“Trend” Beynəlxalq İnformasiya Agentliyi, “Day.az”,

“Milli.az” xəbər portalları və “Azernews” qəzetinin kollektivləri

Azərbaycan Respublikası, Bakı şəhəri.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivindən

Möhtərəm cənab Prezident,

Ölkəmizin sosial-iqtisadi, mədəni inkişafı ilə bağlı müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi nəhəng siyasət Sizin tərəfinizdən böyük uğurla, misli-bərabəri olmayan nailiyyətlərlə davam etdirilir. Azərbaycanı dünyada güclü bir dövlətə çevirən, ona böyük nüfuz qazandıran amillərdən biri də Sizin rəhbərliyiniz ilə əhalinin sosial rifahının yüksəldilməsi sahəsində həyata keçirilən, təkcə bu günə yox, həm də gələcəyə ünvanlanan dəyərli layihələrdir. Bu istiqamətdə həyata keçirilən proqram və layihələrin nəticələrini hər bir ölkə vətəndaşı öz gündəlik həyatında aydın şəkildə hissi edir.

Cənab Prezident, ölkəmizdə fəaliyyət göstərən yüzlərlə mətbuat orqanının maddi vəziyyətinin yüksəldilməsi, xüsusən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyiniz ardıcıl tədbirlər Sizin KİV-in inkişafına göstərdiyiniz böyük diqqət və qayğının bariz təzahürüdür. 2013-cü ildə jurnalistlər üçün 156 mənzilli, 2017-ci ildə isə 255 mənzilli binaların istifadəyə verilməsi, eyni zamanda, 3-cü binanın təməlinin qoyulması respublikamızın çoxminli media nümayəndələri, qələm adamları və geniş ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır. İllərlə mənzil həsrətində olan yüzlərlə ailənin sevinci və xoşbəxtliyi ölçüyəgəlməzdir.

Möhtərəm Prezident, hər zaman Sizin diqqət və qayğınızı hiss edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivinə də bu böyük sevincdən pay düşüb. Həm birinci, həm də ikinci binadan Azərbaycan Televiziya və Radiosunun əməkdaşlarına verilən mənzillər təkcə bu sevinci yaşayanlarda deyil, kollektivin hər bir üzvündə böyük ruh yüksəkliyi, daha əzmlə çalışmaq, bu böyük etimadı, qayğını doğrultmaq istəyi yaradıb. Milli Mətbuat Günü ərəfəsində istifadəyə verilən növbəti binanın açılış mərasimində Azərbaycan Televiziya və Radiosunun mənzilə böyük ehtiyacı olan bir qrup əməkdaşına sanki yeni bir dünyanın qapılarını açdınız. Neçə illərin qələm sahibi olmağımıza baxmayaraq, öz minnətdarlıq, şükranlıq duyğularımızı sözə çevirməkdə acizik. Bu nəcib təşəbbüsünüzə və humanist addımınıza, böyük diqqət və qayğınıza görə Sizə dərindən minnətdarlıq edir, güclü, qüdrətli Azərbaycan naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivi

Azərbaycan Respublikası, Bakı şəhəri.

Bütün xəbərlər Facebook səhifəmizdə