ABŞ dövlətinin məndən niyə xoşu gəlmir? TƏHLİL

Balaca dünyamızda acı gülüş doğuran rüsvayçı hadisələr baş verir. Güclü gücsüzü əzməklə kifayətlənməyib, onun həyatını məhv etməyə, mövcudluğuna son qoymağa çalışır. Bu, yalnız insanların biri-birinə olan münasibətilə yekunlaşmır, həm də dünya siyasətində at oynadan, kiçik dövlətlərə meydan sulayan güc mərkəzləri də anormal görünən prinsipləri özlərinin əsas məqsədləri hesab edirlər.

Bu gün hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, dünyanın siyasi palitrasında xristian ölkələrinin söz sahibi olması və bunun fonunda öz maraqları naminə kiçik dövlətləri əzməyə çalışmaları hər gün rastlaşılan məqamlardandır. Fikir verin, dünyanın gözü qarşısında hələ həyatının rənglərini belə seçə bilməyən Zəhra adlı iki yaşlı körpə erməni terrorçu qruplaşmaları tərəfindən qətlə yetirilir, dünya isə susur. Hətta ATƏT-in Minsk Qrupunun həmsədrləri belə Sarkisyanın xətrinə dəyəcəklərindən ehtiyat etdiklərindən, ciddi iş görməkdən çəkindilər. Sadəcə, mülki vətəndaşların qətlə yetirilməsinə qarşı çıxdıqlarını bildirməklə, işlərini yekunlaşdırmış oldular.

Haqsızlıq və ədalətsizlik Dağlıq Qarabağda minlərlə azərbaycanlıların qətlə yetirilməsi, ev-eşiyindən didərgin düşməsilə davam etsə də, yenə də Avropa və ABŞ kimi dövlətlər susurlar. Çünki onlar üçün haqq-ədalət anlayışı yalnız özlərinin maraqlarının təmin olunmasıdır. Necə ola bilər ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra, ABŞ Səddam Hüseyn rejiminə son qoymaq üçün İraqı darmadağın etdi. Fransa BMT Təhlükəsizlik Şurasının 1973 saylı qətnaməsinin qəbulundan 4 saat sonra Qəddafini devirmək üçün Liviyanı işğal etdi. Şərqin mədəniyyət mərkəzlərindən hesab olunan Hələbdə və Mosulda qanlı döyüşlər gedir. Nədi-nədi, güc mərkəzləri olan dövlətlər Bəşər Əsədi sevmirlər. Bu gün Suriyada 62 dövlətin qoşun birləşmələri mövcuddur ki, deməli, bu ölkədə sakitliyin yaradılması üçün 62 dövlətin maraqlarının təmin edilməsinə nail olunmalıdır.

Sözügedən ölkələrdə tökülən qanlar, həyatları viran olan insanlar kimlərdir? Təbii ki, müsəlmanlar. Onların yalnız günahı (əgər buna günah demək mümkünsə - İ.Ə.) dünyaya müsəlman kimi gəlmələridir. Hesablamalara görə, yalnız 5 il ərzində Suriya, İraq, Əfqanıstan və Liviyada 550 min müsəlman qətlə yetirilib. Onlardan 132 mini 2-5 yaşında olan uşaqlardır. Müsəlmanların qətlə yetirilməsi ovu, yalnız snayper tüfəngləri, raket zərbələri ilə kifayətlənmir, həm də müxtəlif ölkələrdə təqib olunurlar. Təsadüfən Avropaya və ya ABŞ-a səfər edən müsəlman polis tərəfindən saxlanılır, söyülür və təhqir olunur.

Dünən daha bir məlumat oxudum. Yenicə ailə həyatı qurmuş iki gənc Əli Gül və Nataşa Politakis bal aylarını ABŞ-ın Havay adalarında keçirmək üçün bu ölkəyə səfər ediblər. Ancaq "sən saydığını say, gör ABŞ dövləti nə sayır". Elə hava limanında cütlüyün keflərinə soğan doğrayıblar. Həbs olunan Ə.Gül və N.Politakis polis bölməsinə aparılıb. Nədi-nədi, bəyin adı Əli olub. Tramp hökumətinin polis məmurları da Əlini terrorçu qruplaşmanın üzvü hesab etdiklərindən, onu o ki var döyüb, təhqir ediblər. Biçarələr yeni həyat qurduqlarını, bal ayını ABŞ-da keçirmək üçün bu ölkəyə gəldiklərini çox desələr də, polis məmurları az eşidiblər. Döymək-söymək bir yana, müxtəlif işgəncə vasitələrindən də istifadə edilib. Sonda məlum olub ki, cütlük, həqiqətən də, günahsızdır. Sadəcə, girişdə qeyd etdiyim kimi, günahları yalnız müsəlman olmalarıdır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə