“Biz sənə qalib gələcəyik”

İyulun 15-25 tarixlərində Ağdam rayonunun məcburi köçkün qəsəbə və kəndlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən “Biz sənə qalib gələcəyik” adlı layihə həyata keçirilib. SİA-nın xəbərinə görə, keçirilən tədbirlərdə təşkilatın icraçı direktoru Rəşid Paşalı, Ağdam rayon Gənclər və İdman İdarəsinin rəis müavini Anar Əsgərov, ekspert Asim Vəliyev və başqaları iştirak ediblər.

Tədbirlərdə vurğulanıb ki, ümumilikdə 500 nəfərdən artıq uşaq və gənci bir araya gətirən layihənin keçirilməsində əsas məqsəd Ağdam rayonunun məcburi köçkün qəsəbə və kəndlərində yaşayan uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya bəlasına düçar olan şəxslərin müalicəsi haqqında məlumatların verilməsi, yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar haqqında maarifləndirmə işinin aparılması və seminarların təşkil olunmasından ibarətdir.

Həmçinin qeyd olunub ki, gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən amillərdən biri bütün dünyanı narahat edən, ən ciddi sosial problemlərdən hesab olunan narkomaniyadır. Tədbirlərdə dövlətimizin hər bir vətəndaşa, o cümlədən gənclərə olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışılıb.

Qeyd edək ki, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi 06 dekabr 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İctimai Birlik fəaliyyətə başladığı tarixdən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili siyasətə, xüsusilə də gənclərin inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərə dəstək verir. Regionda yaşayan gənclərin birliyinə nail olunması, onlar arasında milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin təbliğ edilməsi, həmçinin, onların bilik və bacarıqlarının artırılması, bütün bunların cəmiyyətimizin inkişafına yönəldilməsi məqsədi ilə İctimai Birlik müxtəlif layihələr həyata keçirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə