Əlmaniz Ələkbərlidən yeni roman: “Həyat Davam Edir” FOTO

Əlmaniz Ələkbər oğlu Ələkbərli milli mətbuatımızdakı fəaliyyəti dövründə obyektiv və ədalətli məqalələri ilə həmişə seçilib, öz dəsti-xətti olan bir jurnalistdir. Jurnalist fəaliyyəti zamanı respublikada keçirilən bir çox yazı müsabiqələrində, xüsusilə də vətənpərvərlik mövzusunda “Ən yaxşı müəllif yazıları” müsabiqəsində iştirak etmiş, ikinci və üçüncü yerlərə layiq görülmüşdür. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvüdür. Mətbuat işçisi kimi dəfələrlə ölkədən kənarda, Şərqi Avropa və digər Avropa ölkələrində, bir sıra Asiya ölkələrində ezamiyyətdə olub və çox maraqlı məqalələr yazıb.

Uzun illər “Səs” informasiya agentliyinin Şərqi Avropa ölkələri və Ukrayna bürosunun rəhbəri kimi fəaliyyət göstərib.

Kiçik dövlət qulluqçusu kimi 4 ilə yaxın Səbail rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyib.

“Həyat Davam Edir romanı” müəllifin sayca dördüncü kitabıdır. Bundan əvvəl gənc yazarın işıq üzü görən “Fidanlarla keçən ömür”, “Köksümə sığmayan ömür”, “Sevənlər Unudulmur..” kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Müəllif yeni romanında sovetlər birliyi dövründə və onun dağılması ərəfəsində baş verən, müşahidə etdiyi bir sıra gerçək hadisələri qələmə alıb.

Kitabda Azərbaycanın zorla sürükləndiyi birinci Qarabağ müharibəsinə xüsusi yanaşma var. Müəllif həmin dövrdə gənclərin həyatında, sevgi taleyində, müharibənin oynadığı mənfi rola xüsusi toxunaraq baş vermiş bir çox real hadisələri də qələmə alıb.

Müəllif bir neçə hekayəsində öz həyat təcrübələrini də bölüşərək kriminal hadisələrdən və bir neçə nakam sevgidən də bəhs edib.

“Həyat Davam Edir” romanında müəllifin oxuculara çatdırmaq istədiyi əsas fikirlərdən biri də harada yaşamasından asılı olmayaraq həyatda mübariz olmaq, qarşıya qoyulan məqsədlərə çatmaq uğrunda ortaya çıxan bütün sədləri dəf etmək bacarığıdır. Bu romanda sovetlər birliyi dövründə yaşayan böyük vəzifə sahiblərinin ailə vəziyyətindən, maddi durumundan və SSRİ dağıldıqdan sonra keçid dövrünün bir sıra çətinliklərindən də geniş söhbət açılıb.

Müəllif yazdığı əsərlərdə milli mentalitetimizin, adət-ənənələrimizin yaxşı və pis tərəflərinə toxunaraq, gənclərimizə ailə qurarkən öz seçimlərində tələsik qərar verməməyi, valideyin xeyir-duasına hörmətlə yanaşmağı tövsiyyə edir.

Ümumiyyətlə, Əlmaniz Ələkbərlinin yazdığı bütün əsərlərdə dostluq, dostluğa sadiqlik, ailədə ata-oğul, ana-qız dostluğu, ana, torpaq, Vətən sevgisindən daha çox söhbət açılır.

Bu romanda daha çox sevgiyə yer verilməsinə baxmayaraq, birinci Qarabağ müharibəsində mənfur qonşularımız olan ermənilərlə azərbaycanlılar arasında yaşanan bir çox hadisələrə də toxunulub. Xüsusilə də müharibənin xalqımıza gətirdiyi fəsadlardan və igid Azərbaycan oğullarının qəhrəmanlıqlarından geniş söhbət açılıb.

Kitabın içərisində “Həyat Davam Edir” romanından əlavə, oxucuların diqqətini çəkəcək bir neçə hekayə də vardır ki, orada hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizəsindən, sovet milis sistemi dağıldıqdan sonra yenicə yaranmış müstəqil dövlətin təcrübəsiz polis sistemindən və onun vətəndaşlara yaratdığı süni əngəllərdən də geniş söhbət açılır.

Bununla yanaşı, kitabda daha çox gənclərin diqqətini çəkə biləcək bir neçə hekayə də yazılıb. Belə ki, ucqar dağ kəndindən böyük şəhərə, paytaxta gələn bir kəndli oğlanın qarşılaşdığı ciddi problemlərdən, onun göstərdiyi şücaətdən və bundan əlavə kitabda daha bir neçə məhəbbət hekayəsi, o cümlədən uşaq və tələbə sevgisindən də bəhs edilmişdir.

Ümumiyyətlə, bu kitabda müəllif əsas diqqətini yeniyetmə və gənclər üçün daha maraqlı sevgi hekayələri ilə dolu olan əsərlərə yönəldib.

Yeniyetmələrin daha çox diqqətini çəkən, bəzi hallarda onların meyl göstərdiyi kriminal hadisələrə və onun acı fəsadlarına müəllif xüsusi həssaslıqla diqqət yetirmişdir.

Müəllifin roman və hekayələrində zəmanəmizin gəncliyinə çatdırmaq istədiyi bir sıra sevgi hekayələri və kriminal əsərlərinin çoxu acı sonluqla bitdiyi üçün o, burada oxucunun əsas diqqətini atılan yanlış addımlara yönəltmişdir.

Əlmaniz Ələkbər oğlu Ələkbərlinin “Həyat Davam Edir” romanı da bundan əvvəlki kitablarında olduğu kimi tərbiyəvi və ibrətamiz məqsədlər üçün yazılmış, xüsusilə də gənclər üçün nəzərdə tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə