Orta və iri müəssisələr qrupuna aid edilən dövlət elmi müəssisələrinin və icarə müqaviləsi əsasında fəaliyyət göstərən müəssisələrin bazasında yaradılmış səhmdar cəmiyyətlərin nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə və ya icarəçiyə təklif olunan səhmlərin satılması qaydaları dəyişib. SİA-nın məlumatına görə, bu, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarı ilə təsdiq edilən “Dövlət əmlakının özəlləşdirilməsi prosesində nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə və ya icarəçiyə təklif olunan səhmlərin (hissələrin) satılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Bundan öncə qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi prosesində nominal dəyəri ilə ilk növbədə əmək kollektivinə və ya icarəçiyə təklif olunan səhmlərin (hissələrin) satılması qaydaları haqqında Təlimat”a əsasən II Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən orta və iri müəssisələrin səhmlərinin 55%-i ixtisaslaşdırılmış çek hərracında satılmalı, 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilməli, 30%-i isə nominal dəyəri ilə ilk növbədə icarəçiyə təklif olunmalı idi. Yeni təlimata əsasən isə ixtisaslaşdırılmış çek hərracı ləğv edilib. Başqa sözlə, II Dövlət Proqramı qəbul edilənədək bağlanmış və müvafiq qaydada Komitədə qeydiyyatdan keçmiş icarə müqaviləsi əsasında fəaliyyət göstərən orta və iri müəssisələrin səhmlərinin 55%-i ixtisaslaşdırılmış pul hərracında satılacaq, 15%-i əmək kollektivinə güzəştli satışa yönəldiləcək, 30%-i nominal dəyəri ilə ilk növbədə icarəçiyə təklif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə