BNA-dan səmərəli yol şəbəkəsinin qurulması ilə bağlı yeni təkliflər FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin (BNA) hazırladığı yeni təkliflərlə əlaqədar mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda BNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov, GEMMS beynəlxalq məsləhətçi qrupunun eksperti Kostas Vouletakis və BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev iştirak edib.

M.Ağayev çıxış edərək Milli Mətbuat günü ilə bağlı media nümayəndələrini təbrik edib. Yeni təkliflərlə bağlı videoçarx nümayiş etdirildikdən sonra şöbə müdiri geniş məlumat vermək üçün sözü T.Səfərov və Kostas Vouletakisə verib.

Tədbirdə qeyd olunub ki, Heydər Əliyev prospekti ilə mərkəzi ərazini birləşdirən ən əhəmiyyətli yol-Yusif Səfərov küçəsində aparılan təmir və yenidənqurma işlərinə baxmayaraq, hələ də bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Yolların Optimallaşdırılması Layihəsi çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəsissləri Yusif Səfərov küçəsi ilə bağlı geniş təhlillər aparıb, yolda nəqliyyatın maneəsiz hərəkətinə səbəb olan problemlər müəyyən edilərək optimal həll yolları təklif edilib. Təklif edilən həll yollarının əsas özəlliyi onların minimum xərclər hesabına başa gəlməsidir. Təkliflər hazırlanarkən diqqətda saxlanılan digər vacib məqam isə Yusif Səfərov küçəsinə yaxın ərazilərin gələcək inkişaf planlarının nəzərə alınmasıdır. Məhz bu həll variantının reallaşdırılması sayəsində Yusif Səfərov küçəsindən keçməklə şəhərə giriş-çıxışa imkan verən alternativ yollara malik səmərəli yol şəbəkəsinin qurulmasına nail olunacaq.

Günün pik saatlarında Yusif Səfərov küçəsindən şəhər istiqamətində 8500 avt/saat, əks istiqamətdə isə 5000 avt/saat nəqliyyat vasitəsi hərəkət edir. Yusif Səfərov və Afiyəddin Cəlilov küçəsi ilə şəhər istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin böyük əksəriyyəti (7500 avt/saat) yollarını Üzeyir Hacıbəyov küçəsi ilə davam etdirirlər ki, bu da adıçəkilən küçədə nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Siqnallaşdırma müddətləri tez-tez Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən mexaniki qaydada dəyişdirilir (artırılır) və yaxud yol hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir, nəticədə Ü.Hacıbəyov küçəsi üzrə hərəkətə üstünlük verilir. Ü.Hacıbəyov küçəsində yaranan sıxlıq “domino effekti” nəticəsində bütün kəsişən və paralel küçələrdə problemlər yaradır.

Yusif Səfərov küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində yerləşən geridönmə yerinin ləğv edilərək dəyişdirilməsi Nizami küçəsinin də əhəmiyyətini azaldıb. Belə ki, artıq şəhərdən çıxış məqsədilə Yusif Səfərov küçəsindən istifadə edən nəqliyyat vasitələri birbaşa Neftçilər prospekti vasitəsilə yola daxil olurlar ki, bu da pik saatlarda Yusif Səfərov küçəsi ilə Neftçilər prospektinin kəsişməsində nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Yeni təşkil edilən geriyədönmə yerində gözləmə ərazisinin az olması və geriyədönmə üçün xüsusi zolaqların olmaması digər nəqliyyat vasitələrinin hərəkətində maneələr yaratmaqla yanaşı, həm də hərəkət təhlükəsizliyini təmin etməyə imkan vermir.

Günün pik saatlarında Yusif Səfərov küçəsi şimal istiqamətdə də nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Bunun əsas səbəbi də Afiyəddin Cəlilov küçəsinin şimalında yerləşən ərazidən hərəkət edən nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olaraq geridönmə yeri vasitəsilə şəhər istiqamətində hərəkətlərini davam etdirmələridir. Bu axın artıq sıx olan Y.Səfərov küçəsinin böyük hissəsi boyunca hər iki istiqamətdə mənfi şəkildə təsir edərək nəqliyyat vasitələrini uzun dairəvi hərəkətlər etməyə vadar edir. Uzun dairəvi hərəkətlər ləngimələrə, toqquşan axınlara, həmçinin yanacaq sərfiyyatının və tullantıların artmasına səbəb olur.

Hal-hazırda A.Cəlilov küçəsindən Ü.Hacıbəyov küçəsi vasitəsilə şəhər mərkəzinə giriş istisna olmaqla, Yusif Səfərov küçəsinin iki tərəfi arasında birbaşa qoşulma yoxdur. Alternativ yolların olmaması Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat şəraitini pisləşdirir. Belə ki, hərəkətin intensivliyi yolun buraxma qabiliyyətindən yüksəkdir.

Yusif Səfərov küçəsində nəqliyyat axınının daha səmərəli paylaşdırılması, yeni alternativ yolların yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi və “GEMMS” məsləhətçi şirkəti tərəfindən aşağıdakı təklif irəli sürülür:

Yusif Səfərov küçəsində daha 2 kəsişmədə düzünə hərəkətin təşkil edilməsi:

  • Sabit Orucov küç. – Nizami küç.
  • 28 May küç. – Mehdi Mehdizadə küç.

M.Mehdizadə və S.Orucov küçələri səmərəli həndəsi xarakteristikalara malik olsalar da, onlar nəzərdə tutulduğundan az istifadə edilir, çünki onlar şəhər mərkəzinə getmək üçün uzun dairəvi marşrutlar təklif edirlər.

Bu kəsişmələr işıqforlar vasitəsilə idarə olunacaqlar ki, bu da Yusif Səfərov küçəsinin hər iki tərəfi arasında həm şəhər mərkəzinə giriş, həm də şəhər mərkəzindən çıxış üçün qısa və birbaşa keçid təmin edəcək, hər iki istiqamətdə intensivliyi azaldaraq Y.Səfərov küçəsində uzun dairəvi marşrutları ləğv edəcək. Kəsişmələrin sinxronlaşdırılmış işıqforlarla idarə olunması ərazidə nəqliyyat sıxlığının yaranmasının qarşısını almaqla yanaşı, həm də Üzeyir Hacıbəyov küçəsində nəqliyyat axınının nizamlanmasına imkan verəcəkdir. Nizami küçəsi ilə kəsişmədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidinin təşkil edilməsi də nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd edilən kəsişmələr Yusif Səfərov küçəsində mövcud geridönmə yerinin ləğv edilməsi, geridönmələrin bu kəsişmələr vasitəsilə həyata keçirilməsinə şərait yaradacaqdır.

Bu kəsişmələrin təşkil edilməsi, həm də “Ağ Şəhər" layihəsini şəhər mərkəzi və Nəriman Nərimanov prospekti (Sovetski Layihəsi) ilə birbaşa birləşdirəcək əhəmiyyətli cüt dəhliz yaradacaq. Nəzərə alsaq ki, “Ağ Şəhər” layihəsi çərçivəsində qeyd edilən ərazidə 50 min sakinin məskunlaşacağını və 30 000-dən çox nəqliyyat vasitəsinin gün ərzində bu ərazidən istifadə edəcəyi nəzərdə tutulması layihənin əhəmiyyətliliyini daha da artırır. Nəcəfqulu Rəfiyev küçəsi Babək prospektindən şəhər mərkəzinə və əks istiqamətdə əsas dəhlizə çevirəcək. S.Orucov və M.Mehdizadə küçələrini müvafiq olaraq, A.Cəlilov küçəsi və Neftçilər prospektinə paralel alternativlərə çevirəcək. Yuxarıda təsvir edilən işlər daha əlverişli yol şəbəkəsi təmin etməklə kifayətlənməyəcək, həm də Ağ Şəhər və Y.Səfərov küçəsi arasındakı bütöv ərazinin xarakterini müsbət şəkildə dəyişəcək, sosial və biznes mühitin inkişafına təkan verəcək.

Sonda tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə