Sabah Bakıda 40 dərəcə isti olacaq

İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə