Mənzil alan jurnalistlərin TƏƏSSÜRATLARI

Ötən gün dünyada analoqu olmayan daha bir hadisə Azərbaycanda baş verdi. Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilən növbəti binanın açılış mərasimi keçirildi. 2013-cü ildə jurnalistlər üçün tikilən binadan 156 ailə bəhrələnmişdirsə, bu dəfə 255 ailəyə böyük sevinc və həyəcan hissi ilə mənzil təqdim edildi. Mənzil alan jurnalistlərin hər biri müxtəlif sosial şəbəkələr vasitəsilə öz hisslərini bildirir, dövlətə və Azərbaycan Prezidentinə onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.

SİA olaraq biz də həmkarlarımızın sevincinə qoşulub onların hiss və təəssüratlarını bölüşmək istədik:

“Səs” qəzetinin Baş redaktorunun müavini Fətulla Həsənov: “22 iyul - Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə növbəti dəfə mənzillərin hədiyyə edilməsi Prezident İlham Əliyevin media təmsilçilərinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Cənab Prezidentimizin jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımların davamı olaraq, bu dəfə də media nümayəndələrinə mənzillərin verilməsi Azərbaycan jurnalistlərinin əməyinin qiymətləndirilməsidir və dünyada analoqu olmayan belə bir mütərəqqi addımın atılması bizi sevindirməklə yanaşı, hər birimizdə qürur və fəxr hissi yaşadır. Dövlətimiz azad sözün, mətbuatın inkişafında hər zaman uğurlu siyasət aparır və Prezident İlham Əliyev cənablarının bu istiqamətdə bəyan etdiyi bütün vədlərini qısa zamanda həyata keçirməsi bizim fəaliyyətimizə daha artıq stimul verir. Biz, ölkəmizin, dövlətimizin inkişafı üçün daim möhtərəm Prezidentimizin ətrafında sıx biləcəyik. O da əbəs yerə deyil ki, Cənab Prezident İlham Əliyevin mətbuata olan diqqət və qayğısı da media təmsilçilərinin diqqətindən yayınmayıb, artıq üçüncü ildir ki, İlham Əliyev "Jurnalistlərin dostu" elan edilir. Mən də mənzilə sahib olan digər həmkarlarıma qoşularaq, ölkə rəhbərimizə təşəkkürlərimi bildirir, 22 iyul milli mətbuat günü münasibəti ilə hər kəsi təbrik edirəm.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Hər kəsə məlumdur ki, heç bir jurnalistin öz maaşı ilə ev alması mümkün deyil. Xüsusilə də şəhərin mərkəzində ev almaq imkanımız daha məhduddur. Bu baxımdan dövlət tərəfindən bizə təqdim olunan bu hədiyyə mənim üçün çox dəyərlidir. Mən bunu 20 ilə yaxın təcrübə və xidmətimə verilən qiymət kimi dəyərləndirirəm. Mənzil təqdim olunan bütün həmkarlarımı təbrik edirəm. Bu dəfə adı siyahıya düşməyən jurnalistlərə də səbir arzu edirəm. Bildiyiniz kimi ötən gün ölkə başçısının iştirakı ilə yeni binanın təməli qoyuldu. Ümid edirəm ki, bu dəfə mənzil almayan həmkarlarım növbəti binadan mənzil ala biləcəklər”.

SƏS TV-nin redaktoru Cabir Məmmədov: “Əslində Allahın insana bəxş etdiyi hər gün, hər saat özəl və önəmlidir. Amma insanın həyatında elə günlər olur ki, xüsusi önəm və dəyər daşımaqla yanaşı, yaddaşında silinməz izlər buraxır. 19.07.2017-ci il tarixi mənim həyatıma özəl gün kimi yazıldı. Jurnalistlərə verilən 255 mənzildən biri də mənim qismətimə düşdü. Biz jurnalistlərin əməyinə, fəaliyyətinə verilən dəyərə görə, ölkə prezidenti cənab İlham Əliyevə sonsuz təşəkkür edirəm. Bu sevinci bizə yaşadanlara, bizə dəstək olanlara və xüsusilə də “Səs” Media Qrupun rəhbəri başda olmaqla bütün kollektivə öz adımdan və ailəm adından təşəkkür edirəm. Sağ olun, var olun! Allah hamınızdan razı olsun!”

Müstəqil jurnalist Lalə Mehralı: “Cənab Prezident bizə həyatımızın ən böyük hədiyyəsini verdi. Sağ olun cənab Prezident, jurnalistləri düşündüyünüzə görə. Bir daha əmin oldum ki, Azərbaycan dövlətinə və xalqına xidmət edirsənsə, bir gün mütləq qiymətləndiriləcəksən. Tam səmimi deyirəm xəbəri alanda hönkür-hönkür ağladım. Çünki, bu mənim 13 ildir, yəni ailə qurduğumdan indiyədək gözlədiyim xəbər idi. Öz evim olsun, kirayələrdən, çətin şəraitdən qurtulaq deyə hər gün dua edirdim. Nə yalan deyim, jurnalist maaşı ilə bu arzumun reallaşacağına inanmırdım. Yalnız Cənab Prezidentin müvafiq sərəncamı dərc olunandan sonra, bir gün ev sahibi olacam deyə mən də ümid yarandı. Və budur, nəhayət o gün gəldi. Bu sevinci mənə və 20 ildir televiziya və mətbuatda işləyən həyat yoldaşım Elçin Bayramlıya yaşadan Cənab Prezident, sizə çox təşəkkür edirəm! Ailəmi – iki üzvü jurnalist olan, iki körpə uşaq ilə kirayələrdə çətinlik çəkən bir ailəni ömürlük bu problemdən qurtardınız, bizi ev sahibi etdiniz. Ədalətiniz, xeyirxahlığınız qarşısında baş əyirəm! Tanrı sizi, ailənizi qorusun! Həmişə var olun!”.

“Space” Müstəqil Teleradio Şirkətinin əməkdaşı Fərqanə Qurbanova: “8 il öncə Space Tv ilk iş fəaliyyətimə başlayanda xəyal belə etməzdim ki, bu məkan mənə təkcə iş yox, təsəvvürü belə çətin olan böyük mükafatlara sahib olmağı nəsib edəcək. “Space” ailəsində çalışmağım məni tamaşaçıya tanıtdı, az-çox sevdirdi, həyatda bütün uğurlarımı burda qazandım. Space TV mənim üçün hərtərəfli uğur yeri olub.

Burada həyat yoldaşım Etibar Qurbanovla tanış olub ailə qurdum. Onunla birgə 6 ildir xəyal etdiyimiz, arzuladığımız, hətta yuxularda gördüyümüz evi məhz bu kanalın cütlük əməkdaşı olaraq Cənab prezident İlham Əliyev bizə hədiyyə etdi. Bundan böyük mükafat varmı bir jurnalist ailəsi üçün?! Çünki jurnalistin işi öz peşəsi ilə məşğul olmaqdır. Cənab Prezident də ötən gün vuğuladı ki, jurnalist biznesmen deyil. Təbii ki, belə bir evə sahib olmaq üçün uzun illər lazımdır. Bu, həyat yoldaşım Etibar Qurbanovun və mənim illər ərzində vətənə, dövlətə və dövlətçiliyə sədaqətlə xidmətimizə dövlət başçımızın verdiyi dəyərin göstəricisidir. Bu elə bir hissdir ki, sözlə ifadə edilməsi çətindir. İki insanın birgə sevinci, reallaşan arzusu, arzudan doğan arzularıdır. Allah arzusunda olanlar qismət etsin bu xoşbəxtliyi! Çox sevindim, xəyallar gerçəkləşir Azərbaycanda. Azərbaycanın gənc ailəsinin xəyallarını gerçəkləşdirən Cənab prezident İlham Əliyevə bir daha təşəkkür edirəm!

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Mamed Bağırov: “Bu gün 255 jurnalistə mənzil sevinci hissi yaşadan Cənab Prezident İlham Əliyevə və bu işdə əməyi olan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova və Səs Media Qrupun rəhbəri Bəhruz Quliyevə dərin minnətdarlığımı bildirirəm. Mənzil alanlar içərisində mənim də adımın olması məni çox sevindirdi. Çünki, bununla həyatım tamamilə dəyişəcək.

Bu günə kimi ailə qura bilməməyimin əsas səbəbi məhz mənzilimin olmaması idi. İnanıram ki, o mənzildə həmişə xeyir işlər keçirmək qismət olar. Çünki, bizə verilən mənzil məhz Cənab Prezidentin hədiyyəsidir. Heç bir ölkədə jurnalistə Azərbaycandakı kimi diqqət və qayğı göstərilmir. Ölkəmiz bu sahədə də öz liderliyini göstərir. Etiraf edək ki, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün bu təşəbbüs ən məqbul yoldur. Cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə