"Gənc qızların Yay Liderlik məktəbi” GƏNCƏDƏ

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Gəncədə “Gənc qızların Yay Liderlik məktəbi” adlı layihəsi həyata keçirilir. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, layihənin əsas məqsədi Gəncə-Qazax zonasında gənc qızların müəyyən ixtisas üzrə təhsil aldıqdan sonra müxtəlif sahələrdə iştirakçılığının artırılmasına ictimai vəkillik etməkdir. Layihədə əsas hədəf qrupları tələbə qızlardır. Seçim turu Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Musiqi kollecində, Gəncə Regional kollecində keçirilib. Belə ki, layihəyə əsasən hər universitetdən 4, kolleclərdən isə 1 qız tələbə müsahibə yolu ilə seçildikdən sonra onlarla 2 ay müddətində müxtəlif mövzularda 9 təlim keçiriləcək.

Qeyd edək ki, təlimlərə artıq start verilib. Layihədə əsas hədəf qrupları olan tələbə qızlar bu müddətdə şəxsi imkanların gücləndirilməsi, Liderlik və özünəgüvən, Lider vətəndaş olmaq, məişət zorakılığı, Azərbaycanda gender bərabərliyi üzrə qanunvericilik, yaradıcılıq və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, uğurlu biznesin qurulması, istimaiiətlə əlaqələrin qurulması, ictimai vəkillik və s. mövzularda təşkil edilən təlimlərdə maksimum maariflənməyə çalışırlar. Təlimlərə cəlb edilən peşəkar təlimçi və ekspertlərdən Şəfəq Mehrəliyeva, Mehriban Zeynalova, Sevda Hüseynova, Gülnara Həsənova, Gülnara Hüseynova, Tofiq Sadıxov məqsədə nail olmaq üçün ən innovativ metodlardan istifadə edirlər. Tələbə qızlar isə fəal şəkildə interaktiv şəkildə qrup işlərində və qeyri-ənənəvi fəaliyyətdə fəal olmağa çalışırlar.

Məlumat üçün nəzərinizə çatdıraq ki, layihənin davamı olaraq 2017-ci ilin sentyabrın əvvəllərində Bakı şəhərinə səfər edilərək tələbə qızların Milli Məclisdə millət vəkilləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində rəhbər vəzifədə çalışan qadınlarla görüşü nəzərdə tutulur. Görüş Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan ADA Universitetində təşkil ediləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə