Azərbaycanda da zəlzələ ola bilər? RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi, Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zələzə olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib. Yerin səthindən 10 km dərinlikdə baş verən təbii fəlakətdən sonra Bodrum şəhərinin 70-dək sakini xəstəxanalara müraciət edib. Xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir. Qardaş ölkədə zəlzələnin baş verməsi Azərbaycanda da böyük narahatlıq yaradıb. Bəs görəsən bu təbii fəlakətin Azərbaycana hər hansı təsiri ola bilərmi?

SİA məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin fikrini öyrənib. Saytımıza açıqlama verən mütəxəssis qeyd edib ki, Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur, ola da bilməz: "Təbii fəlakətin baş verdiyi ərazi ilə ölkəmiz arasında məsafə çoxdur. Zəlzələnin qeydə alındığı yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə, bağlılığı yoxdur. Bu baxımdan Azərbaycan əhalisi narahat olmasın. Çünki, təşvişə düşmək üçün heç bir əsas yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə