Yüksək hazırlıq göstərdilər

İyunlun 12-14-də DİN İdman Cəmiyyətində sambo üzrə Daxili İşlər Nazirliyinin birinciliyi keçirilib. Yarışda 10 komandanı təmsil edən 80 idmançı iştirak edib. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yarışın əvvəlində çıxış edən İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftahətdinova ölkəmizdə gənclərə, idmana göstərilən dövlət qayğısının uğurla davam etdiyini, bunun nəticəsində Azərbaycan təmsilçilərinin idman aləmində sayılıb-seçilənlər və ən güclülər sırasında olduğunu bildirib. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi oyunlarında əldə edilən uğurların da əsasında məhz dövlətimizdə idmanın inkişafı, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi üçün yaradılan şəraitin durduğu diqqətə çatdırılıb.

Yarışlara start verilib. İştirakçılardan Kamal Məmmədov (62 kiloqram), Anar Səfərli (68 kiloqram), Yusif Bayramov (74 kiloqram), Əli Bayramov (82 kiloqram), Azər Fətullayev (90 kiloqram), Vüsal Şəfiyev (100 kiloqram) və Elvin Ramazanov (+100 kiloqram) çəki dərəcəsində yarışın qalibi olublar.

Ümumi komanda hesabında DİN Daxili Qoşunlarının hərbi qulluqçuları baş mükafata sahib olublar. Əlahiddə Çevik Polis Alayının komandası ikinci, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları üçüncü yeri tutublar.

Yarışların baş hakimi, polis polkovnik-leytenantı Mülayim Xıdırov idmançı əməkdaşların yüksək fiziki hazırlıq, çeviklik, əlbəyaxa döyüşə xas texniki imkanlar nümayiş etdirdiklərini bildirib.

Yarışları Mais Məmmədov idarə edib.

loading...