Alimlərimizin məqaləsi nüfuzlu beynəlxalq jurnalda

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin və institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin həmmüəllifi olduqları “Jurnalın impakt faktorunun modifikasiyaları” (“Modifications to the journal impact factor”) adlı məqaləsi Böyük Britaniyanın nüfuzlu “COLLNET Journal of Scientometrics and Information Management” jurnalında dərc olunub.

İnstitutdan SİA-ya verilən xəbərə görə, ildə iki dəfə nəşr olunan jurnal elmmetriya və informasiyanın idarə olunması sahəsində ən son tədqiqatları təqdim edir. Məqalədə təklif olunmuş impakt faktor və modifikasiyalar analiz olunub, onların çatışmayan cəhətləri göstərilib. Bu çatışmazlıqları aradan qaldırmaq üçün məqalənin müəllifləri tərəfindən özü-özünə istinadlar və istinad edən mənbələrin sayını nəzərə alan bir neçə çəkili impakt faktor təklif olunub.

Qeyd edək ki, “Web of Science” elmi bazasında indeksləşən “COLLNET Journal of Scientometrics and Information Management” jurnalı elmmetriya sahəsində nəşr olunan jurnallar arasında yüksək nüfuza malikdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə