"Eko Rəsm Gündəliyi 2013" beynəlxalq ekoloji müsabiqəsinin finalçıları bəlli oldu

Əsası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən qoyulmuş IDEA (International Dialogue for Environmental Action) kampaniyasının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən və dünyada 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi 2013” beynəlxalq ekoloji müsabiqəsinin finalçılarının adları açıqlanıb.

SİA-nın məlumatına görə, YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin, IDEA (International Dialogue for Environmental Action) kampaniyasının və Panasonic Marketing MDB-nin (PMCIS) təşkilatçılığı ilə həyata keçirilən, Bakı və Gəncə şəhərlərini əhatə edən 363 məktəbin qoşulduğu beynəlxalq layihənin milli müsabiqə turunun final mərhələsinin qalibi Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov olub.

Müsabiqənin finalçıları arasında Bakı şəhərindən Zərifə Əliyeva adına lisey, “Ankara məktəbi” məktəb-liseyi, İncəsənət Gimnaziyası, 59, 99, 262, 271, 276, 290, 28, 98, 132-134, 301, 304 nömrəli, Gəncə şəhərindən isə 4, 28, 11, 25 nömrəli orta ümumtəhsil məktəblərinin şagirdləri yer almaqdadırlar.

Qeyd edək ki, müsabiqəyə Bakı şəhəri üzrə 314 məktəbdən 2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən 629 gündəlik daxil olub.

Layihə üçün xüsusi olaraq hazırlanmış, şagird sayına uyğun olaraq orta ümumtəhsil məktəblərinə paylanmış 5000 ekoloji gündəlikdən 3032-i tam şəkildə doldurularaq müəyyən olunmuş tarixdən gec olmayaraq təhvil verilib.

Ümumilikdə, 3032 məktəblinin iştirak etdiyi müsabiqədə aşağı yaş qrupu (6-11) üzrə 1299, yuxarı (12-15) yaş qrupu üzrə isə 1733 şagirdin iştirakı qeydə alınıb.

Layihənin milli turunun iştirakçılarıı olmuş məktəblilər müəyyən olunmuş müddət ərzində yarışma üçün hazırlanmış xüsusi “Gündəlik”lərdə mövcud qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkib və onların ideayalarının qısa təsvirini əks etdirən mətnlər əlavə edib.

Qeyd edək ki, 2008-ci ildən etibarən hər il həyata keçirilən və 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi 2013” beynəlxalq müsabiqəsinin məqsədi gənc nəsildə təbiətə sevgi hissinin formalaşdırılması və inkişafı, onlar arasında ekoloji təbliğat işinin gücləndirilməsi və məktəblilərin ətraf mühitin qorunması işinə səfərbər edilməsidir. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.

Layihə və müsabiqənin finalçıları ilə bağlı ətraflı məlumat IDEA-nın rəsmi veb səhifəsində (www.ideacampaign.org)  yer alıb.

Sədaqət

Şərh yaz