İbrahimoviçə ağır cəza veriləcək?

Ali Futbol Liqasının (MLS) “Los-Anceles Qalaksi” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviçin oyunlardan kənarlaşdırılması təhlükəsi var. O, oyun zamanı rəqib komandanın oyunçusunun çənəsini sındırıb. Bu barədə məlumatı “The Mirror” nəşri yayıb. AZƏRTAC xəbər verir ki, MLS müntəzəm çempionatında “Los-Anceles Qalaksi” 3:2 hesabı ilə “Los-Anceles”ə qalib gəlib. Meydan sahibi qismində olan komandanın heyətində kapitan Zlatan İbrahimoviç het-triklə (8-ci, 56-cı və 70-ci dəqiqələrdə) yadda qalıb. 37 yaşlı isveçli oyun epizodlarının birində dirsəyi ilə “Los-Anceles”in oyunçusu Məhəmməd əl-Monirin çənəsini sındırıb. Bu futbolçunu qarşıda cərrahiyyə əməliyyatı gözləyir.

Nəşrin məlumatına görə, MLS rəhbərliyi insidentlə bağlı təhqiqat aparır. Daha əvvəl şəbəkələrdə 27 yaşlı liviyalının çənəsinin Rentgen təsviri yayılıb. Qeyd olunur ki, müdafiəçi mövsümün sonunadək oyunlardan uzaqlaşıb. “Los-Anceles Qalaksi” Qərb konferensiyasının turnir cədvəlində ikinci yerdədir. 21 oyundan sonra komandanın aktivində 37 xal var. “Los-Anceles” 46 xalla liderdir. MLS-nin cari mövsümündə İbrahimoviç 17 matç keçirib. Hücumçunun hesabında 16 qol və 3 məhsuldar ötürmə var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...