Ölümlə çarpışan xalq artisti: "Günü-gündən əriyirəm" AÇIQLAMA

Xalq artisti Yalçın Rzazadə xəstəxanalıq olub. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: " Hazırda xəstəxanadayam. Ürəyimdə və öd kisəmdə problemlər yarandığı üçün qanımda zəhərlənmə gedir. Ona görə, məni ailə üzvlərim təcili olaraq xəstəxanaya çatdırıblar. Vəziyyətim olduqca ağırdır. Günü-gündən əriyirəm. Son üç gündür ölümlə vuruşuram".

Sənətçi ona biganə yanaşan insanlardan da söz açıb: "Bir çoxlarından incimişəm. Heç yaşamağa həvəsim yoxdur. Çünki məni unudublar. Xəstəliyimə biganə yanaşan insanlara demək istəyirəm ki, bütün ömrümü, gəncliyimi Azərbaycan musiqisinə həsr etmişəm. İfa etdiyim mahnılar heç vaxt Azərbaycan musiqisinə xələl gətirməyib. Ölkədən kənarda konsertlər verərək, sənətimlə Azərbaycanın adını zirvələrə qaldırmışam.

Y.Rzazadə maddi durumdan çətin vəziyyətdə olduğunu da diqqətə çatdırıb: "Xəstəxananın pullarını qarşılaya bilmirəm. Çünki heç vaxt toya getməmişəm. Ancaq xalqım üçün yaşamışam. Özümü sənətimə qurban vermişəm. Amma indi kimsəsizəm. Axı, mən kimə neynəmişəm? Əlavə gəlir yerim yoxdur".

Qeyd edək ki, son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunur. Həkimlərin ciddi nəzarətindədir.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...