"Rejissor məni dramatik filmə çəkməklə böyük risk edib" MÜSAHİBƏ-FOTOLAR

Əməkdar artist Ülviyyə Əliyevanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Ülviyyə xanım, hazırda yaradıcılığınızda hansı yeniliklər var?

- Bildiyiniz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisasıyam. Həmin teatrda yeni tamaşalarda rol almışam.

- Tamaşaçı qıtlığı ilə üzləşmirsiniz ki?

- Mən heç vaxt tamaşaçı sayına görə əziyyət çəkməmişəm. Çünki rol aldığım tamaşalara onlarla insanlar gəlir. Zal həmişə dolu olur. Tamaşaçıların alqış səsləri hələ də qulağımdadır. Bu da məni çox sevindirir. Onu da qeyd edim ki, teatrımızda həm ciddi, həm yumoristik, həm də uşaq tamaşalarımız var.

- Elə xalq artisti varmı ki, onunla eyni səhnəni bölüşmək istərdiniz?

- Böyük məmnuniyyətlə xalq artist Nəsibə Zeynalova ilə eyni tamaşada rol almaq istərdim. Çox heyiflər olsun ki, Nəsibə xanımla eyni səhnəni bölüşə bilmədim, yaşım çatmadı. N.Zeynalova kumirim idi. Xalq artisti Şəfiqə Məmmədova ilə də eyni tamaşada rol almaq mənim üçün böyük şərəf olardı. Amma əfsuslar olun ki, Şəfiqə xanım teatrdan uzaqlaşıb. Ş.Məmmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəlliməm olub. Ondan çox şeylər öyrənmişəm. O, xanım böyük məktəbdir.

- Bildiyimizə görə, yeni filmə dəvət almısınız....

- Bəli, yeni filmə çəkiləcəm. Dramatik ekran işi olacaq. Baş rolda oynayacam. Bəlkə də filmin rejissoru məni baş rola çəkməklə böyük risk edib (gülür). Onu da deyim ki, tamaşalardan başqa heç vaxt filmdə dramatik obraz canlandırmamışam.

- “Ay yay yay” serialından ayrılmısınız?

- Bəli. Çünki teatrda işlərim çox olduğu üçün vaxt məhdudiyyəti yarandı. Ona görə serialdan ayrılmaq məcburiyyətində qaldım.

- Televiziya kanallarının birində aparıcılıq da edirsiniz. Orada müğənnilərlə yaşanan problemlər sizə necə təsir edir?

- Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm. Hansı məşhur istəmir verilişimizə gəlməsin, məcburiyyət yoxdur. Heç bir müğənni ilə də qalmaqal yaşamaq istəmirəm. Mənə öz sənətim maraqlıdır. Doğrudur, yaradıcılığımdan danışanda çoxlarına maraqlı olmur. Amma mən 21 ildir səhnədəyəm. Əziyyətimi yerə vurmaq olmaz.

- Mənzilinizdə oğurluq hadisəsi baş vermişdi. Oğrular həbs olundumu?

- Xeyir. Həmin hadisənin üzərindən 7 ay keçir. Amma təəssüflər olsun ki, heç bir nəticə yoxdur. Evimdən oğurlanan 24500 manatlıq qızılların pulunu həyat yoldaşımla birgə illərlə əziyyət çəkib, qazanmışdıq.

- Görünüşünüzdə bir xeyli dəyişiklik var. Deyəsən, yenə xeyli çəkidən azad olmusunuz...

- Toyumdan öncə dietoloqumun köməyi ilə xeyli arıqladım. Dərman qəbul etmədən, əməliyyat olunmadan sağlam şəkildə artıq çəkidən azad oldum. Onu da deyim ki, heç vaxt çəkimə görə kompleksim olmayıb. Buna görə çox rahatam. Amma nə vaxtsa, səhnədə artıq kilolarım mənə maneçelik yaradarsa, dərhal yenidən arıqlayaram. Ömrümün sonuna kimi də pəhriz saxlamaq fikrim yoxdur (gülür). Özümə çox əziyyət verməyi düşünümürəm. Məni sevən tamaşaçılar belə qəbul edir.

- Ülviyyə xanım, ana olmağı düşünürsünüzmü?

- Şəxsi həyatım haqda danışmaq istəmirəm. Şəxsi həyat mənə məxsusdur. Kimlərinsə bilməyinə ehtiyacım yoxdur. Ana olsam da, hər kəs biləcək.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə