Nüşabənin qırdığı telefonu başqası aldı AÇIQLAMA-FOTOLAR+VİDEO

Xəbər verdiyimiz kimi, əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı üz-üzə gəlib. Sənətçilərin bir-biriləri dalaşmasını tədbirdə iştirak edən stilist Samiraldo telefonu ilə lentə alıb. Bunu görən Nüşabə stilistin telefonunu əlindən alaraq yerə çırpıb. O, Samiraldonun telefonunu sındırdıqdan sonra əsəbi olduğunu və yenisini alacağını deyib. Lakin əməkdar artist sözündə durmayıb. O, stilistə tədbirdən sonra zəng edərək sındırdığı telefonun yenisini almayacağını bildirib.

SİA açıqlama verən Samiraldo ona yeni telefon hədiyyə edildiyini bildirib: "Bildiyiniz kimi, ötən gün gözəllik salonlarının birinin açılışında iştirak edirdim. Həmin tədbirə bir neçə məşhur simalar da qatılmışdı. Onlar arasında əməkdar artist Nüşabə Ələsgərli və müğənni Afət Fərmanqızı da var idi. Nüşabə xanım Afətin günlərdir bir çox ifaçıların qınadığı "Pencu şeş" mahnısını müzakirə edirdi. O, hətta Fərmanqızına səs tonunu qaldıraraq sözügedən bəstənin sözlərini dəyişməsini inadla bildirirdi. Mən də hər bir tədbirdə etdiyim kimi məkanı lentə alıb, sosial şəbəkədə paylaşırdım. Mən açılışdan görüntüləri lentə alan zaman iki məşhur xanım bir-biriləri ilə söz davasına çıxdı. Həmin vaxt Nüşabə Ələsgərli Afət Fərmanqızı mübahisəsini çəkməyimə etirazını bildirdi. Mən də ona dedim ki, bütün açılışlarda baş verənləri lentə alıb, sosial şəbəkədə paylaşıram. Çünki məkan sahibləri ilə açılışdan öncə belə danışıb, pul qazanıram. O, bu vaxt əlimdən telefonumu alaraq yerə çırpdı. Əməkdar artist telefonumu sındırdıqdan sonra səhvini başa düşdü və tədbirdə hər kəsin gözü önündə mənə söz verdi ki, yenisini alacaq. Lakin o, dediyi sözə əməl etmədi. Belə ki, əməkdar artist mənə açılışdan sonra zəng edərək bildirdi ki, Afət xanımla davası sosial şəbəkələrdə yayılıb və həmin görüntüləri də mən paylaşmışam. Bunun üçün 2500 manat dəyəri olan telefonumu almayacaq.

Amma ötən gün əməkdaşınıza verdiyim açıqlamadan sonra mənə dəyən maddi ziyan ödənildi. Belə ki, yaxın dostum tərəfindən mənə 2600 manatlıq telefon hədiyyə edildi. Nüşabə Ələsgərlini də heç bir hüquq mühafizə orqanlarına şikayət etmədim. Onu yalnız Allaha həvalə etdim. Çünki Ələsgərli çörəyimə bais oldu".

Samiraldoya hədiyyə edilən telefonun şəkillərini əldə etmişik.

Həmin fotoları təqdim edirik:

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə