2019-cu ilə konsertlə "siftə" edərək Köhnə Yeni ili sevənləri ilə yola salan müğənni Xatun son günlərin dəbdə olan "mashup" ənənəsini də səhnəyə gətirib. SİA-nın məlumatına görə, sənətçi sözügedən "mashup"a daxil olan digər müğənnilərin repertuarından, bir-birindən populyar mahnıları gələn qonaqlarla birlikdə səsləndirib. Sürprizlərdən biri də Xatunun yaxın sənət dostu Rüfət Axundovdan gəlib. Gözlənilmədən məkana daxil olub, daha sonra ekspromt halda türkiyəli müğənni Ayla Çeliklə Bəyazın oxuduğu "Bağdad" mahnısını Xatunla duet şəklində ifa edib.

Konsertində fanatlarına xüsusi diqqət ayıran sənətçi onlar üçün özəl yer hazırlayıb, yer məhdiyyətindən dolayı ayaqüstə qapı ağzında qalan sevənlərininsə yanına gedərək xatirə şəkilləri çəkdirməklə könlünü alıb.

Konsert qonaqların ürəyincə olub, vaxt bitəndə əlavə mahnı tələb edib. Müğənni nəzərdə tutulan proqramdan əlavə beş mahnı da oxumalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə