Evi qarət edilən əməkdar artist: "Verilişə pul yığmağa çıxmamışam"

Evi qarət edilən əməkdar artist Ülviyyə Əliyevanın Zaur Baxşəliyevin idarə etdiyi verilişə çıxması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. SİA-nın məlumatına görə, sosial şəbəkə istifadəçiləri aktrisanın da proqrama pul yığmaq üçün gəldiyini yazıb.

Aktrisa onu tənqid edənlərə cavab verib: "Bu, çox həssas mövzudur. Zaurun verilişinə çıxandan sonra xoşagəlməz sözlər yazmağa başladılar. Heç kəsdən pul istəmirəm. 17 yaşımdan işləmişəm, halal zəhmətimlə 4 ailə saxlamışam. Bu gün yoldaşım da, mən də ailələr saxlayırıq. Mən pul yığmaq üçün çıxmamışam".

Zaur aktrisaya "Sənin bu sözlərin əməkdar artist Tünzalə Əliyevanın ürəyinə toxunacaq" sözlərini deyib. Ülviyyə aparıcıya belə cavab verib: "Tünzalənin nələri olduğunu heç kəs bilmir. Onun evi yox idi. Ramanadakı evini anasıgil Gəncədəki evi satıb alıb. Tünzalə 25 il kirayədə yaşayıb".

Qeyd edək ki, əməkdar artist Tünzalə Əliyeva evinin ipoteka kreditini ödəmək üçün "Bizimləsən" verilişinə qatılıb və onun pul yığması tənqid edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə