Azərbaycanlı dizayner milli ornamentlər təklif edir FOTOLAR

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Hədəf Liseyində "Günümüzdə geyim mədəniyyəti və dəbin rolu" mövzusunda seminar-treyninq keçirib. Bu barədə SİA mərkəzin mətbuat xidmətindən məlumat veriblər.

Görüşdə müəllim və şagirdlərə dəbin müasir dünya mədəniyyətində sosial rolu və fəaliyyətinin özəllikləri, milli geyimin təkamülü nümunəsində şəxsiyyəti ifadəetmənin xüsusiyyətləri barədə bəhs edilib. Dəb mədəniyyətin əhəmiyyətli təbəqəsini təşkil edən olduqca maraqlı təzahürdür. Estetik dəyərə malik olan dəb cəmiyyətin müxtəlif təbəqələrinin ifadə vasitəsinə çevrilir, onda ümumbəşər, mənəvi-estetik normalar və prinsiplər reallaşdırılır. Dəbdə öz dövrünün çox mühüm cizgiləri əks olunur, cəmiyyət həyatında baş verən dəyişikliklərlə bağlantı sezilir.

Gülnarə Xəlilova görüşdə bildirib ki, dəb mədəniyyətdə zəngin ənənələrə malik istiqamətlərdən biri kimi qiymətləndirilir, o öz xalqının milli uğurlarının qorunmasını təmin edir: “Bu baxımdan təklif edirəm ki, gələcəkdə şagird və müəllimlərin geyimlərinin dizaynı hazırlanarkən Azərbaycanın müasir stilistikada olan milli ornamentlərindən istifadə edilsin. Qeyd edək ki, Gülnarə Xəlilova 2006-cı ildə ölkədə Milli Geyim Gününün təsis edilməsi ideyası və təşəbbüsü ilə çıxış edir və bu təklif sonradan baxılması üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilib.

Dizayner, həmçinin gənclər arasında milli geyim sənətinin, ornamentlərin, ənənələrin geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb. Yekunda Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şamil Sadıq Gülnarə Xəlilovaya Xatirə Ədəbiyyatı seriyasından olan 45 kitabdan ibarət seti hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə