"Uşaq Avroviziya 2018" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR

İctimai Televiziya və Radio Yayımları Şirkətində "Uşaq Avroviziya 2018" mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, Televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva və "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı Fidan Hüseynova iştirak edib.

Tədbiri giriş sözü ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Musiqi, Bədii və Xüsusi Departamentinin rəhbəri Leyla Quliyeva açıb: "Ölkəmizi cari ilin noyabr 25-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində təmsil edəcək bu dəfəki ifaçı Fidan Hüseynovadır.

Onu qeyd edim ki, təmsilçimizin "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində ifa edəcəyi mahnı hələlik məlum deyil. Yarışmanın qaydalarına əsasən bəstə ifaçının bilavasitə iştirakı ilə yazılmalıdır. Yaxın zamanlarda təmsilçimizin ifa edəcəyi mahnı ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Fidan Hüseynova da haqqında geniş məlumat vermək istərdim. O, 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən F.Hüseynova hazırda Bakıda “Oksford" məktəbinin 6-cı sinif şagirdidir. Bundan əlavə ifaçı, həm də Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır.

F.Hüseynova 2017-ci ilin mart ayında İtaliyanın "Testene Art Baku" Beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə I yeri qazanıb.

O, fransalı müğənni Lara Fabianın Bakı konaertindən müğənninin dəvəti ilə səhnəyə çıxaraq onunla "Je suis malade" adlı, mahnını, İstanbul konsertində isə "Je taime" bəstəsini duet şəklində ifa edib.

Bundan başqa F.Hüseynovanın Azərbaycan "Avroviziya" mahnı müsabiqəsindəki ilk təmsilçisi Elnur Hüseynovla dueti də lentə alınıb. O, həmçinin "Samremo Junior 2018" festivalında iştirak edərək III yerə layiq görülüb.

4 yaşından rəsmlə məşğul olan F.Hüseynova dəfələrlə respublikada keçirilən rəsm müsabiqələrində uğur qazanıb. Şahmatla da xüsusi maraqlanan 13 yaşlı ifaçı ötən il ölkə üzrə həmyaşıdlıları arasında keçirilən şahmat yarışında da birincilik əldə edib.

Fidan Hüseynova 2016-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qırmızı kitabı"na salınıb və o, Prezident təqaüdünə layiq görülüb".

Mətbuat konfransında Fidan Hüseynova da söz alaraq yarışmada qalib gələcəyini bildirib: " "Uşaq Avroviziya-2018" yarışında iştirak etmək ən böyük arzum olub. Azərbaycanı bu yarışda layiqincə təmsil edəcəm".

Qeyd edək ki, 25 noyabr 2018-ci il tarixdə Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində 19 ölkənin təmsilçiləri birincilik uğrunda mübarizə aparacaq. Bunlar Azərbaycan da daxil olmaqla Albaniya Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələdir. Yarışmanın 15 min tamaşaçı tutumuna malik olan "Mins Araena" reallaşacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...