"Azərbaycanda bu cür hadisələrin yaşanmasını istəmirəm" EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, 2018-ci il iyulun 10-da, saat 20:00 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, qanuni asayişi kobud şəkildə pozmağa cəhd göstərməklə və radikal-dini çağırışlar etməklə, ictimaiyyəti itaətsizliyə dəvət edərək, şəhər sakinlərini dövlət qanunlarını pozmağa yönəlik hərəkətlərə cəlb etməyə səy göstəriblər. Hadisə nəticəsində iki polisimiz şəhid olub.

Müğənni Mətanət Əsədova Gəncədə yaşanmış hadisələrə öz münasibətini bildirib. SİA-ya açıqlama verən ifaçı belə bir hadisələrin Azərbaycanda baş verməsinə üzüldüyünü söyləyib: "Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Təxribatçıların əli ilə törədilən bu iğtişaş məni çox üzdü. Mən incəsənət adamı olaraq, Azərbaycanda bu cür hadisələrin yaşanmasını istəmirəm. Allah xalqımıza pis günləri bir daha nəsib etməsin. Xüsusilə onu da qeyd edim ki, Cənab Prezidentimiz İlham Əliyev hər an çalışır ki, dövlətimiz günü-gündən inkişaf etsin, güclənsin, gözəlləşsin, xalqımız firavan yaşasın. Axı, qan töküb, göz yaşı axıtmaq nəyə lazım? Gəlin, dövlət başçımıza dəstək olaraq, onun ətrafında sıx birləşək. Ölkəmizdə qarmaqarışıqlıq yaratmaq istəyənlərə meydan oxuyaq. Həmin günü Gəncədə şəhid olan iki şəhidimizə də Allah rəhmət eləsin!".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə