Məşhurlardan Gəncədə iğtişaş törətmək istəyənlərə ETİRAZ-FOTOLAR

Xəbər verdiyimiz kimi, iyulun 10-da Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə təxribatçıların əli ilə xoşagəlməz hadisələr yaşanıb. Həmin gecə ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Gəncədə baş verən hadisə ilə bağlı SİA tanınmış simaların fikirlərini öyrənib. Onları təqdim edirik:

Xalq artisti Canəli Əkbərov: “10 iyul Gəncədə təxribatçıların əli ilə yaranan xoşagəlməz hadisə məni çox sarsıtdı. Axı niyə bəziləri təxribat yaratmaq istəyir? Azərbaycan günü-gündən inkişaf edərək, gözəlləşir. Niyə bəziləri bu gözəllikdən məhrum olmaq istəyir? Yaşamağımız üçün bol çörəyimiz, suyumuz, mədəniyyətimiz var. Anlaya bilmirəm ki, bəziləri bir-birilərinə qarşı niyə xoşagəlməz hərəkətlər edirlər? Bunlar nəyə lazım? Gəncə kimi gözəl şəhərdə baş verən hadisəyə görə çox pis olmuşam. Hətta bu hadisə ilə əlaqədar səhhətimdə ciddi problem yaranıb. Gəncədə iğtişaş yaratmaq istəyənlərə çox ayıb olsun!”.

Xalq artisti Mələkxanım Eyyubova: "Bu haqda çox danışa bilməyəcəm. Lakin deyə bilərəm ki, Gəncədə baş verən hadisələr məni çox pis sarsıtdı. Xalqımıza əmin-amanlıq arzu edirəm”.

Xalq artisti İlham Namiq Kamal: “Ötən gecə Gəncədə təxribatçıların əli ilə yaranan hadisələrdən xəbərim var. Mənim fikrimcə, dövlətçiliyə qarşı çıxmaq öz Vətənini və xalqını sevməmək deməkdir. Əgər bəzi insanlar mitinq etmək istəyirsə, dünyanın hər yerində olduğu kimi öncədən dövlətdən icazə istəməli,və dövləti xəbərdar etməlidir. Lakin Gəncədə baş verən hadisə təxribatçılar tərəfindən həyata keçirilib. Hər bir incəsənət xadimi bu cür olayın olmasını pisləyir. Mədəniyyət işçiləri hər zaman Prezident İlham Əliyevin yanındadır və onun ətrafında yumruq kimi birləşib”.

Əməkdar artist Firuzə İbadova: “Azərbaycandan sonra ikinci böyük şəhər olan Gəncədə dünən axşam təxribatçıların əli ilə baş verən hadisələr xoşagəlməz haldır. Ölkəmizdə əmin-amanlıq hökm sürür və hər bir azərbaycanlı çalışmalıdır ki, bu sabitliyi qorusun. Sabitliyi pozmağa çalışmaq düzgün deyil. Biz illər öncə müharibə yaşayan, hazırda da müharibə şəraitində yaşayan ölkəyik. Ancaq Ulu Öndər Heydər Əliyevin və onun uğurlu davamçısı Cənab Prezident İlham Əliyevin gördüyü işlər sayəsində xalqımız rahat, sabit şəraitdə yaşayır. Dövlət başçısı hər an əlindən gələni edir ki, xalqımız heç bir sahədə əziyyət çəkməsin. Qan tökülməkdənsə, sabitlik daha gözəldir. Onu da xüsusi ilə qeyd edim ki, ümumiyyətlə dövlət məmurlarına qətiyyən toxunmaq olmaz. Çünki dövlət məmurları da xalqın yaxşı yaşaması üçün nə lazımdırsa, edirlər. Məncə, sadə vətəndaşlar dövlətin işinə qarışmaqdansa, öz işləri ilə məşğul olsalar yaxşıdır. Əminəm ki, bu təxribatı yaradan hər kəs öz cəzasını alacaq. Onu da deyim ki, xarici ölkələrdən də Azərbaycana basqılar edənlər var. Çünki Vətənimiz günü-gündən gözəlləşir və iri addımlarla uğura doğru gedir. Azərbaycan hər sahədə inkişaf edir. Ona görə də çalışmalıyıq ki, Azərbaycanda olan sabitliyi hər zaman qoruyaq. Azad və xoşbəxt yaşaya bilək”.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu: “10 iyul Gəncədə baş verən hadisələrə qarşı heç bir Azərbaycan vətəndaşı biganə qala bilməz. Xalqını və dövlətini sevən hər bir kəs Gəncədə yaranan hadisə bağlı narahatlıq hissi keçirməlidir. Ötən gecə Gəncədə baş verənlər xırda ailə məişət problemi və sərxoş insanın xuliqanlıq hərəkəti deyil. Dövlətçiliyimizə, xalqımıza qarşı yönəlmiş bir hərəkətdir. Nə qədər humanist bir insan olsam da bu hadisələri törədənlərə qarşı fikrim kəsin olaraq pisdir. Qanuni olaraq, bu hadisələrin qarşısı alınır və alınmalıdır. Gəncədə sabitliyi pozaraq, xoşagəlməz hadisələri yaradan həmin kəslər Azərbaycan qanunu qarşısında cavab verməlidirlər. Bir işə yararlı olmayanlar yalnız könül bulandırmaqla məşğuldurlar. Çox təəsüf ki, Gəncədə olan xoşagəlməz hadisə zamanı də iki polisimiz şəhid olub. Bu iki qəhrəman polisimizə Allahdan rəhmət diləyirəm. Azərbaycan gəncləri oğruları yox, bu cür şərəfli polislərimizi özlərinə nümunə götürməlidir".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...