Məşhurlar Novruz şənliyində FOTOLAR

“Pəncərə klubu”nun Novruz bayramına həsr olunan növbəti gecəsi “Muğam klub”da keçirilib. SİA-nın məlumatına görə, bu tədbir simvolik olaraq “Keçmişə açılan pəncərə” adlanıb. Tədbirdə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq Rəssamı Fərhad Xəlilov, Xalq artistləri Fəxrəddin Manafov, Oqtay Mirqasımov, Yalçın Adıgözəlov, Ramiz Həsənoğlu və başqaları iştirak edib.

Gecəni Əməkdar Artist Nərgiz Cəlilova açıb.

Sonra “Pəncərə klubu”nun rəhbəri yazıçı-publisist Günel Anarqızı tamaşaçılara təqdim olunan sayca 12-ci gecənin məqsəd-məramından danışıb. Bildirib ki, Beynəlxalq Qadınlar Günü ərəfəsində internet resurslarında “Analar və qızları” adlı layihə təqdim edilib. Müxtəlif sahələrdə uğur qazanan 8 qadının və onların gənc qızlarına həsr edilən layihə elə ilk gündən 20 mindən çox baxışla izləyicilərin böyük marağına səbəb olub. İkinci layihə ziyalı və sənət adamlarının iştirakı ilə “Pəncərə klubu” tərəfindən çəkilib və hazırlanıb. Novruz bayramına həsr edilən “Dünya bir pəncərədir” adlı layihədə məşhurlar bayatı söyləyiblər.

Tədbirdə musiqiçilərin çıxışı dinlənilib, həmçinin Xalq Artisti Fəxrəddin Manafov və Əməkdar Artist Mehriban Zəki Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın 80 illik yubileyi münasibətilə onun əsərlərindən parçalar səsləndiriblər.

Daha sonra AYB-nin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev yubilyarı təbrik etdi, yazıçı ilə bağlı yaddaqalan və unudulmaz anlarını bölüşüb.

Sonda iştirakçılara bayram hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə