Bəxtiyar Hacıyevi “REAL”a qarşı qısqırdan kimdir? QARŞIDURMA+ FOTO

Yaxud, burada da AXCP sədrinin əli var

Parlament seçkilərinin vaxtı bəlli olduqdan sonra, müxalifət düşərgəsində canlanma müşahidə olunur, amma bu canlanma yalnız seçkilərdə iştirakla bağlı deyil, eyni zamanda bir-birinə rəqib olacaq şəxslərin qarşıdurmalara start vermələrindədir. Bəllidir ki, parlament seçkilərində müxalifət düşərgəsinin bir çox təmsilçiləri iştirak etməyə qərarlı olduqlarını bəyan etsələr də, AXCP-“Milli Şura” cütlüyü guya boykot qərarlarını verməklə, bu kimi əhəmiyyətli ictimai-siyasi hadisədən kənarda qalıblar. Əslində, bütövlükdə düşərgənin parlament seçkilərə qatılması Əli Kərimlinin planlarını alt-üst edib və indi də, guya “tüpürdüyünü yalamamaq” görüntüsü yaratmaqdan ötrü müxalif düşüncəli bəzi şəxsləri özünə yaxın etməyə çalışır. Misal üçün, bəllidir ki, Bəxtiyar Hacıyev də seçkilərə qatılmaq qərarını verib və onun bu qərarı bir tərəfdən AXCP sədrinin əlinə oynayır desək yanılmarıq. Çünki məhz həmin B.Hacıyev düşərgənin başqa cinahından seçkilərə qatılacaq “REAL” partiyasının sədri İlqar Məmmədovla qarşıdurmaya gedir. Məhz bu amil Ə.Kərimlini sevindirib və o öz növbəsində Hacıyevə altdan-altdan dəstək göstərəcəyi vədini verib.

Bəxtiyar Hacıyev: “Yoxsa, “REAL” düşünür ki, haradan namizəd versə, udacaq və Azər Qasımlı, Bəxtiyar Hacıyevlə danışmağa belə gərək yoxdur?”

Beləliklə, Ə.Kərimlinin əlinə oynayan B.Hacıyev namizədliyini irəli sürmək istədiyi dairə üstündə “REAL”ın katibi Natiq Cəfərliyə gileylənib və şikayətlənib ki...

SİTAT: “Siz siyahı açıqlayanda 17 yox idi, ona görə mən də düşündüm elə oradan namizədlik verərəm, çünki, orada işləmişəm həm seçki vaxtı, həm sonradan. Azər bəylə də danışırdıq ki, bu məsələni yoluna qoyaq. Sonra siz oradan namizəd irəli sürdünüz. Azər bəylə danışmamış. Mənim də oradan gedə biləcəyimi bilə-bilə... Məndən 1 SMS yazıb, "gedirsinizmi seçkiyə, getsəniz hansı dairəyə gedəcəksiniz" soruşmaq çətin idimi? Yoxsa, “REAL” düşünür ki, haradan namizəd versə, udacaq və Azər Qasımlı, Bəxtiyar Hacıyevlə danışmağa belə gərək yoxdur?”.

Göründüyü kimi, artıq Ə.Kərimli B.Hacıyevi əməlli-başlı təlimatlandırıb və salıb “REAL”ın üstünə ki, həmin dairədən namizəd verməsinlər. Lakin “REAL”ın da cavabı gecikməyib...

Natiq Cəfərli: “Aylardır seçki mövzusunu ələ salırdız, sizin namizəd olmaq istəyiniz mənə sürpriz oldu”

Məsələn, N.Cəfərli B.Hacıyevə cavabında qarşı tərəfin müəyyənsizliyinə, qərarsızlığına ironik tərzdə yazıb və xatırladıb ki, bir müddət əvvəl məhz onun özü parlament seçkiləri ilə bağlı tənqidi fikirlər işlətmişdi: “Siz ümumiyyətlə aylardır seçki mövzusunu ələ salırdız, sizin namizəd olmaq istəyiniz mənə sürpriz oldu”.

Lakin B.Hacıyev ona vurulan söz zərbəsinin altından nə qədər maraqlı görünsə də, ona təlimat verən AXCP sədri Ə.Kərimlinin yolu ilə çıxmağa cəhd göstərib. Guya ki, seçkini deyil, bayağı müğənni Üzeyir Mehdizadə haqqında status yazan İlqar Məmmədovu ələ saldığını etiraf edən Bəxtiyar Hacıyev təbiətinə xas şəkildə “REAL” partiyasını şantaj da edib: “Azər bəy namizədliyini açıqlamışdı, niyə onunla danışmadan ona qarşı namizəd irəli sürdünüz? Heçmi xətir-hörmət, duz-çörək yox idi? Yoxsa, elə belə də olmalı idi?.. Namizədlik və dairə açıqlamamağımın isə çox ciddi başqa səbəbləri vardı, sağ olsun, “REAL”çı dostlar, imkan vermədilər ona da. Azər bəyə qarşı namizəd çıxarıb, hakimiyyətin səsləri parçalayacağını deməklə, hakimiyyətə "Azər bəyi yox, bizim namizədi seçin" mesajı verdilər”.

AXCP ilə “REAL”ı bir tərəzinin iki gözünə qoyarsaq...

B.Hacıyev dəfələrlə “REAL”a müraciət etdiyini də xatırladıb və rişxəndlə partiya sədri İ.Məmmədova söz atıb: “Sədriniz isə guya, saymamazlıq edir, iqnor edir, nəinki mesaja, səhifəsində trollara da cavab verir, post həsr edir, mənim yazdığım heç nəyə reaksiya vermir. Böyük adamdır da”.

Göründüyü kimi, B.Hacıyev A.Qasımlını bəhanə gətirməklə əslində özünün, daha dəqiqi isə, özü ilə bərabər AXCP sədri Ə.Kərimlinin qarşı tərəfdən qisasını almaq niyyətindədir. Çünki, həm özü, həm də Ə.Kərimli yaxşı bilirlər ki, eyni dairədə “REAL”ın namizədi ilə yarışa bilməyəcək. Çox yəqin ki, AXCP sədrinin tapşırığı, təlimatı əsasında şantaj edir, ləkələyir, şərləyir, müxtəlif ittihamlar səsləndirir. Bu, həm də belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, “REAL” partiyası AXCP-nin əlaltısı olan B.Hacıyevə daha dəqiq cavab verib, onun susdurmaq üçün hərəkətə keçəcək. Yəni tərəflər sözün əsl mənasında “kəllə-kəlləyə” gələcəklər. Bu “kəllələşmədən” isə böyük rhtimalla “REAL” qalib çıxa bilər. Çünki AXCP-nin nəinki çıarğı sönüb, o cümlədən, ictimai rəydə həmin partiyaya qarşı açıq-aşkar nifrət yaranıb. Bu baxımdan, ədalət naminə deyə bilərik ki, AXCP ilə “REAL”ı bir tərəzinin iki gözünə qoyarsaq, hər halda İ.Məmmədovun Ə.Kərimlidən ağır gəlmək şansı daha çox görünür...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə