ABŞ-ın Türkiyəyə qarşı addımlarının SƏBƏBLƏRİ... ŞƏRH-ÖZƏL

“Türkiyənin uzun müddət Qərbə arxayın olması çox təəssüf ki, nəticə etibarı ilə ABŞ Konqresi tərəfindən saxta “ erməni soyqırımı”nın qəbulu ilə nəticələndi. Bu baxımdan düşünürəm ki, ABŞ-ın tərəfindən atılan bu addımı gözləmək olardı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

O hesab edir ki, Türkiyə həyəcan siqnalını 1960-cı illərdə ilk dəfə Uruqvayda saxta soyqırımı ilə bağlı qətnamə qəbul olunarkən çalmalı idi: “Qardaş ölkə NATO-nun bir üzvü kimi hheç zaman Qərbin bu məsələdə belə bir addıma atacağına, xüsusilə də ABŞ-ın belə bir qətnamə qəbul edəcəyinə inanmayıb. Düzdür, ABŞ tərəfindən açıqlama verilib ki, bu, “Ağ Ev”in deyil, yalnız Konqresin mövqeyidir və qətnamə hökumət səviyyəsində tanınmır. Amma bütün bunlar baş aldatmaqdan başqa bir şey deyil”.

Politoloq söyləyib ki, hazırda heç kim sözügedən qətnamənin 5 və ya 15 ildən sonra hər hansı ABŞ prezidenti tərəfindən imzalanmayacağını deyə bilməz.

Baş verənlərin erməni diasporası ilə bağlı olduğunu deyən ekspert qeyd edib ki, indiyədək ermənilər qətnamənin qəbul olunmasına çalışırdılar: “Çünki ABŞ dünyanın ən böyük fövqəlgücüdür və onun Haqa beynəlxalq məhkəməsinə çox güclü təzyiq imkanları var. Bunun özü Türkiyə üçün böyük siqnal, həyəcan təbilidir”.

ABŞ-ı bu addımı atmağa məcbur edən SƏBƏBLƏR

S. İsgəndərov vurğulayıb ki, indiyədək bu məsələ ABŞ Konqresinin Nümayəndələr (Aşağı) Palatasının müvafiq komitəsinin divarlarından kənara çıxarılmayıb: “ Bəli bir neçə dəfə Nümayəndələr Palatasının müvafiq komitəsi bununla bağlı qərar qəbul etsə də, amma ondan sonra bunun qarşısı alınmışdı. Hətta müvafiq komtənin ikinci iclası belə məsələ bir daha çıxarılmamışdı. Lakin hazırda məsələ yekdilliklə qəbul edildi. Qətnamə indiki şəraitdə ona görə qəbul olundu ki, Türkiyənin Suriyada müstəqil addım atması ABŞ-ı qane etmədi. Türkiyə Rusiyadan S400 raketləri aldı. Lakin Türkiyənin burarad heç bir günahı yoxdur. Çünki qardaş ölkə bu addımları atmağa məcbur idi. Buna səbəb isə ABŞ-ın açıq şəkildə Suriyada PKK-nın qollarına dəstək verməsi, silahlandırması idi”.

Saxta soyqırımı qətnaməsinin qəbulunda erməni əli

Ekspert bildirib ki, Türkiyənin Rusiyadan S400 silahlarını alması da bununla bağlı idi: “Bildiyiniz kimi uzun müddət Türkiyəyə həm ABŞ, həm Almaniya tərəfindən təhlükəsizliyn təmini üçün hərbi sənaye kompleksi verilməliydi. Lakin verilmədi. Çünki Türkiyə sərhəddə təhlükəsizliyi üçün kürdlərə qarşı bu kompleksdən istifadə edəcəkdi. Qardaş ölkə parçalanmaq, Suriya terroru ilə üz-üzə qaldığından məcbur olaraq S400-ləri alaraq onları sərhəddə yerləşdirdi. Bu məsələdə ABŞ baş verənlərə həzm edə bilmədi və erməni lobbisi də çox “gözəl” işlədi. Burada yəhudi lobbisinin addımı var. Çünki heç kimə sirr deyil ki, uzun müddət idi ki, qondarma soyqırımının ABŞ-da, Konqresdə qəbuluna mane olan yəhudilər idisə, çox təəssüf ki, hazırda həmin lobbi uzaqgörənlik nümayiş etdirməyərək, özlərinin Suriyaya ilə bağlı Türkiyəyə qarşı iddialarına əsaslnaraq bu səfəf erməni lobbisi tərəfindən çıxış etdi”.

S. İsgəndərovun sözlərinə görə, burada təəccüblü məqamlardan biri son 25 ildə erməni lobbisinin dünyada birincilik uğurunda mübarizə aparmasıdır: “Əslində onların yəhudilərə qarşı çox böyük iddiaları var. Artıq uzun illərdir Ermənistanda antisemitizmin baş alıb getməsi buna bariz sübutdur. İsrail özü də bunu dəfələrlə etiraf edib. Türkiyənin ayağına güllə vurmaq, yəhudilərin öz başlarına güllə vurmaq deməkdir. Əgər ortada İranın Suriyadakı mövqeyi məsələsidirsə, o zaman Türkiyə ilə İsrail hər zaman ortaq məxrəcə gələ bilər. İranın Suriyada elə də güclü mövqeləri yoxdur. Göründüyü kimi iki, üç məqama görə Türkiyəni ağır şəkildə cəzalandırmaq qərarı alınıb”.

ABŞ Konqresinin gücü

NATO-nun bu günlərdə Londonda keçirilən yubiley sammitində qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğan çıxışını xatırladan politoloq deyib ki, qonşu ölkə rəhbəri çıxışı zamanı qəti şəkildə bəyan etdi ki, NATO Türkiyənin terrorçuluqla mübarizədə təhlükəsizliyi ilə bağlı qərar qəbul etmir: “Belə məsələlər əlbəttə ki nə ABŞ, nə də Avropada bəzi ölkələrin liderlərinin xoşuna gəlmir. İkinci məsələ isə dünyanın iki güclü müsəlman ölkələrindən olan Türkiyə və Pakistanın diz çökdürülməsinə çalışılmasıdır. Halbuki ABŞ vaxtilə Pakistana nüvə silahı verib, lakin indi ona qarşı kəskin addımlar atır. Əgər Pakistanın nüvə silahı olmsa idi, bu ölkəni çoxdan parçalamışdılar. Sözsüz ki, ermənilər də bundan kifayət qədər yararlanmağa çalışacaqlar. ABŞ tərəfindən açıqlanan bəyanatlar baş aldatmaqdan başqa deyil. İndiyədək bir çox ekspertlər tərəfindən də belə bir təhlükənin olması ilə əlaqədar ehtimallar var idi. Lakin ABŞ-ın strateji müttəfiqi adlandırdığı Türkiyəyə qarşı belə bir addım atacağı yuxu kmi görünürdü. ABŞ Administrasiyası məsələni əngəlləyə bilər. Lakin bu ölkədə hakimiyyətin qanadı olan Konqresin gücünü hər kəs çox yaxşı bilir”.

Türkdilli dövlətlərə MESAJ

Ekspert əlavə edib ki, bhaş verənlərdə türkdilli dövlətlər ayıq-sayıq olmalı, verilən vədlərə inanmamalıdırlar. Çox təəssüf ki, strateji müttəfiq deyə-deyə ABŞ Türkiyəyə qarşı belə bir sərt addım atır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə