“Paşinyanın gələcək ümidləri heç də yaxşı deyil" ÖZƏL-ŞƏRH

“Paşinyanın karyerası ilə bağlı gələcək ümidləri heç də yaxşı deyil. O, hakimiyyətə gəldiyi ilk vaxtdan əsas diqqətini özünün siyasi karyerasına yönəldib. Təbii ki, Paşinyanı ən çox narahat edən qondarma "Dağlıq Qarabağ”dakı vəziyyətdir”. Bunu SİA politoloq Elşad Mirbəşiroğlu deyib.

“Xatırlayırsınızsa, Paşinyan Avropada olanda belə fikir səsləndirmişdi ki, qondarma rejimdə də demokratikləşməni yaymaq lazımdır. Onun söylədiyi fikirlərin sətiraltı ifadəsi ondan ibarət idi ki, qondarma rejimdə də çevriliş baş versin, rəngli inqilab olsun və orada Paşinyana loyal olan qüvvələr hakimiyyətə gəlsin. Həmin o ərəfədə qondarma rejimdə "hakimiyyətə” qarşı kütləvi çıxışlar baş verdi və hətta təhlükəsizlik xidmətinin rəhbəri istefaya getdi. Bütün bunlar ona dəlalət edir ki, Paşinyanın qondarma rejimlə bağlı ciddi narahatlıqları qalmaqdadır. O bütövlükdə məsələyə "Qarabağ klanı” kontekstindən baxır. Yəni, "Qarabağ klanı” Paşinyan üçün ciddi təhlükə olaraq qalmaqdadır. Ona görə də Paşinyan əlindən gələni edərək bu klanın təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Təbii ki, bu istiqamətdə əsas fiqurlar Koçaryan və keçmiş prezident Sarkisyandır”.

E.Mirbəşiroğlu qeyd edib ki, Paşinyanın Sarkisyana qarşı təqiblərə başlayacağı gözlənilən idi: "Vurğulamaq lazımdır ki, onsuz da hakimiyyətə gəldiyi vaxtdan Sarkisyanın yaxınlarına qarşı təqiblər həyata keçirirdi. Ümumiyyətlə, hesab edirəm ki, bütün bunlar Ermənistanda hakimiyyət uğrunda mübarizənin təzahürləridir. Paşinyanın hakimiyyətdə olmasının birinci ili başa çatmaq üzrədir və baxmayaraq ki seçkilərə üç ilə yaxın bir zaman var, o, növbəti seçkidə də qələbə qazanmaq istəyir. Bu baxımdan Paşinyan bütövlükdə diqqətini "Qarabağ klanı” və qondarma rejim üzərində kökləməkdədir. Qondarma rejimə intensiv səfərləri, orada səsləndirdiyi ifadələr də ona dəlalət edir ki, Paşinyan bu istiqamətdə hərtərəfli fəaliyyət göstərir. Bu fəaliyyətin biri ictimai şüura təsir etməkdən ibarətdir. Mübarizəsinin digər istiqaməti isə qondarma rejimlə birbaşa bağlılığı olan siyasi fiqurları tam zərərsizləşdirməkdir. Sarkisyana qarşı təqiblər məhz qeyd etdiyim ikinci istiqamətə aiddir, yəni siyasi rəqiblərini tamamilə sıradan çıxarmaq yönündə atılmış addımlar kimi nəzərdən keçirmək lazımdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə